Məşhəd insidenti bir çox iranlının qəzəbinə səbəb olub

Müqəddəs Məşhəd şəhərində bir kişinin mağazada iki başıaçıq qadına hücum etməsini əks etdirən video İranda geniş qəzəb doğurub.

Martın 31-də yayımlanan video-görüntülərdə kişinin məcburi hicab və ya islam qaydalarına uyğun baş örtüyü örtməyən iki qadın müştəri ilə mübahisə etdiyini və sonra onlara hücum etdiyini görmək olub.

Daha sonra həmin şəxsin mağazanın işçi ilə qarşılaşmadan əvvəl qadınların başına qatığa bənzər bir şeyi tökdüyü görünüb. Həmin şəxsin mağaza sahibi, yoxsa alıcı olub-olmadığı bəlli deyildi.

İranın məhkəmə sistemi aprelin 2-də iki qadının - ana və qızının hicab qanununu pozduqlarına görə həbs edildiyini açıqlayıb. Şübhəli bilinən hücumçunun da "ictimai asayişi pozmaq" ittihamı ilə həbs edildiyi bildirilib.

Mağazanın sahibi Abbas Həcərpur da həbs edilib və sonradan zaminə buraxılıb. Həcərpurun Rokna xəbər saytına dediyinə görə, o, aprelin 3-də məhkəmədə "izahat vermək üçün" olacaq. O, mağazasının qısa müddətə bağlandığını deyib.

Bu insident baş örtüyü qanununu tətbiq etməyə çalışan əxlaq polisi və hökumətyönlülərin əli ilə iranlı qadınların üzləşdiyi təqib və zorakılığı vurğulayır.

İctimaiyyət qarşısına hicabsız çıxan qadınların sayının getdikcə artması İranın ruhani rejiminə birbaşa etiraz deməkdir.

Qadınlar 2022-ci ilin sentyabrında hicab qanununu pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan rejim əleyhinə ümummilli etirazlardan sonra cəsarətlənib. Nümayişlər zamanı qadın və qızlar baş örtüklərini çıxararaq yandırıb.

Son aylar etirazlar səngiməsinə və hakimiyyətin qanunu pozan qadınların cəzalandırılacağına dair yenidən xəbərdarlıqlarına baxmayaraq, qadınlar hicab qanununu pozmağa davam edir.

Bir çox iranlı Məşhəddəki insidentlə bağlı hakimiyyətə qəzəbini sosial mediada bildirib. Onlar hökuməti hicab qanununu zorakılıqla tətbiq və hökümət tərəfdarlarının hərəkətlərini təşviq etməkdə ittiham edib.