Keçən il polis nəzarətində olarkən ölməsi aylarla hökumət əleyhinə etirazlara səbəb olan 22 yaşlı Məhsa Əmininin atası Amerikanın Səsinə bildirib ki, qızının ölümünün ildönümünü qeyd etmək üçün planlar hazırlanır.
"Şəhid, məzlum, günahsız Jinanın [Məhsanın] adını və xatirəsini ehtiramla yad etmək, onun saf ruhunu sevindirmək üçün il mərasimini təşkil etməkdə qətiyyətliyik," Əmjad Əmini Amerikanın Səsinin Fars xidmətinə eksklüziv müsahibəsində deyib.
"Bu, həm də ailəsi, qohumları və bütün tərəfdarları üçün təsəllidir Lakin mövcud şəraiti nəzərə alaraq, biz ictimaiyyəti rəsmi dəvət edə və ya onları iştirakdan çəkindirə bilmərik."
Məhsa Əmini baş örtüyünü düzgün örtməmək iddiası ilə əxlaq polisi tərəfindən saxlanılmışdı. Keçən sentyabrın 16-da onun polis nəzarətində ölməsindən sonra İranda hökumət əleyhinə etirazlar aylarla davam edib.
İnsan insan haqları təşkilatlarının məlumatlarına görə, İranın təhlükəsizlik qüvvələri etirazların dağıdılması zamanı qadın və uşaqlar da daxil olmaqla, 600-ə yaxın insanı öldürüb, minlərlə insanı yaralayıb. Hadisədən sonra 20 mindən çox İran vətəndaşı həbs edilib.
"Bu gün Məhsənin yalnız Əmini ailəsinə aid olmadığı geniş şəkildə etiraf olunur. O, İranın qızıdır, bütün xalqın qızıdır. Məhsaya əziz olanların hamısı onun böyük ailəsidir. Beləliklə, biz xalqın seçiminə hörmətlə yanaşacağıq", Məhsa Əmininin atası Amerikanın Səsinə bildirib.
Amerikanın Səsinin müxbiri Manuçehr Pordel ilə yazılı mübadilədə o bildirib ki, İran hökuməti rəsmiləri onlara “heç bir şərtlə heç bir dəvət göndərməməyi və ayrı-ayrı şəxsləri mərasimdə iştirak etməyə çağırmamağı” tələb edib.
Əmjad Əmini qızının işinin hüquqi aspektlərini müzakirə edərkən, "bu vaxta qədər biz heç bir aydın və inandırıcı cavab almamışıq. Onlar mahiyyətcə əvvəlki ifadələrini təkrarlayır ki, bu da nə bizi qane edir, nə də ictimaiyyəti" deyib.
İran polisi Məhsa Əmininin həbsdə olarkən infarkt keçirdiyini bildirsə də, onun ailəsi bununla razılaşmır. İran hakimiyyəti ailənin onun ölümünü araşdırmaq üçün müstəqil həkimlərdən ibarət komitə yaradılması ilə bağlı müraciətini rədd edib.
Amnesty International təşkilatı avqust ayında İranı keçənilki etirazlarda həlak olanların ailələrinə qarşı təqib və hədə-qorxu kampaniyasını gücləndirməkdə ittiham edib. Təşkilat son aylar ölkənin 10 vilayətində hüquq pozuntusuna məruz qalan 36 qurban ailəsinin işini sənədləşdirdiyini bildirib.