Oman körfəzində İranın genişləndirilmiş Cabahar limanının açılışı olub

İran prezidenti Həsən Ruhani Oman körfəzində genişləndirilmiş Cabahar limanının açılışında iştirak edib. Strateji mahiyyət daşıyan liman artıq 3-cü dəfədir böyüdülür və Pakistanın hazırda inşaatı davam edən limanına rəqabət yaradır.

Biz Qvadar da daxil edilməklə, regiondakı bütün inkişafları alqışlayırıq

340 milyon dollarlıq layihə İnqilab Qvardiyasına bağlı Xatəm Əl-Anbia şirkəti tərəfindən inşa edilib. Bu, İranın ən böyük inşaat şirkətidir. Limandan əvvəllər 2.5 milyon yük daşınırdısa, indi hər il 8.5 milyon ton yük daşınır.

Genişlədirməyə 100 min ton yükdaşıyan gəmi üçün 5 pirs daxildir. Bundan əlavə bu layihə İrana Hind dənizinə ən yaxın çıxışdır. Pakistan bu limandan 80 kilometrlik məsafədə Çinin yatırımı ilə rəqib Qvadar limanını inşa edir.

Ruhani çıxışı zamanı deyib ki, liman regional ölkələrin əməkdaşlığı və birliyinə xidmət edəcək. Prezident limanın dəmiryolu xətləri ilə də birləşdiriləcəyini, Rusiya üzərindən Avropanın şimalına çıxış yaradacağını deyib.

"Biz pozitiv rəqabət aparmalıyıq. Biz Qvadar da daxil edilməklə, regiondakı bütün inkişafları alqışlayırıq"- deyə Ruhani sözünə davam edib.

Limanın açılış mərasimində Hindistan, Əfqanıstan, Pakistan və digər öıkələrin nümayəndə heyətləri iştirak edib.