İranda etirazçılar Ayətulla Xomeyninin doğulduğu evi yandırıb

Cümə günü sosial mediada yayılan xəbərlərdə İranın qərbində etirazçıların İslam Respublikasının qurucusu Ayətulla Ruhulla Xomeyninin ata-baba yurdunundakı evini yandırdıqları göstərilib.

Sosial mediada yayımlanan videolarda mərhum Ayətullanın ölkənin qərbindəki Mərkəz vilayətində doğulduğu Xomeyn şəhərində cümə axşamı gecə saatlarında izdihamın qarşısından keçdiyi və şüarlar səsləndirdiyi zaman evin yandığını görmək olub.

Dövlətə məxsus və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan yarı-rəsmi "Tasnim" xəbər agentliyi isə muzeyə çevrilən evin hələ də açıq olduğunu bildirərək, xəbərləri təkzib edib.

Həm Reuters, həm də Fransanın France Press xəbər agentlikləri videonun həqiqiliyini təsdiqləsələr də, çəkilmə tarixini müəyyən edə bilməyib. Yanğının evə nə qədər ziyan vurduğu da bəlli deyil.

İranın nüvə ambisiyaları haqqında kitab yazan jurnalist və yazıçı David Patrikarakos öz Twitter hesabında hadisə yerindən şəkilləri yenidən paylaşıb və yanğının "respublikanın özünün mahiyyətinə" meydan oxuyan "hücum" olduğunu yazıb.

Ev Ayətulla Ruhulla Xomeyninin doğulduğu yerdədir. Onun soyadı Xomeyn şəhərindən götürülüb. 1970-ci illərdə Parisdə mühacirətdə yaşayan Xomeyni din xadimi olaraq, İranın o vaxtkı lideri, ABŞ-ın dəstəklədiyi şah Məhəmməd Rza Pəhləvinin sərt tənqidçisi olub.

Xomeyni İrana 1979-cu ildə, ölkədəki İslam inqilabına rəhbərlik etmək üçün qayıdıb.