İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi ilk turda seçici fəallığının aşağı olmasından sonra seçiciləri cümə günü keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırıb.
İranda keçirilən prezident seçkilərinin birinci turunda ölkədəki 61 milyon seçicinin yalnız 40%-i iştirak edib ki, bu da 1979-cu il İslam İnqilabından bəri ən aşağı seçici fəallığı demək olub.
Xameneyi "iştirak gözlənildiyi kimi olmasa da, birinci turda səs verməyənlərin sistemin əleyhinə olduğunu düşünmək tamamilə yanlış olardı" deyib.
Cümə günü keçiriləcək ikinci turda islahatçı namizəd Məsud Pezeşkiyan və ultramühafizəkar Səid Cəlili mübarizə aparacaq. Onlar seçkilərin keçən həftə keçirilən ilk turunda öndə gedib. Seçkilərə prezident İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olması səbəb olub.
Pezeşkiyan birinci turda səslərin 42,4%-ni, son zamanlar nüvə müzakirəçisi kimi fəaliyyət göstərən Cəlili isə 38,6%-ni toplayaraq, ikinci olub.
Namizədlərdən heç biri qələbə üçün tələb olunan 50%-lik baryeri aşa bilmədikdənləri üçün ikinci tur seçkilər cümə gününə təyin edilib.
Keçmiş prezident Məhəmməd Hatəmi kimi İranın bəzi islahatçı liderləri Pezeşkiyanı dəstəkləmək üçün bir araya gəlib. Yarışdan geri çəkilən iki ultramühafizəkar namizəd Cəlilini dəstəkləyib.
Xameneyi "insanların ikinci raundda iştirakının mühümlüyünü qeyd edərək, bunun İslam Respublikası üçün qürur mənbəyi olacağını" deyib.