İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi çərşənbə axşamı yeni hökuməti İslam Respublikasının son illər onsuz da ağır məhdudiyyətlər altında olan kiberməkanı üzərində nəzarəti gücləndirməyə çağırıb.
"Əsas odur ki, qanunun aliliyi virtual məkanda tətbiq edilsin", Xameneyi prezident Məsud Pezeşkianın yeni kabineti ilə ilk görüşü zamanı deyib.
"Əgər (interneti tənzimləmək üçün) qanununuz yoxdursa, qanun hazırlayın və o qanuna əsaslanaraq, nəzarəti ələ alın" - deyə, o əlavə edib.
Xameneyinin açıqlamaları Pezeşkianın seçki kampaniyası zamanı İranda uzun müddətdir davam edən internet məhdudiyyətlərini yumşaldacağına dair verdiyi sözlərə rağmən səsləndirilib.
İran illərdir internetdən istifadəyə ciddi nəzarət edir. Əvvəllər Twitter kimi tanınan X və Facebook kimi populyar sosial media proqramlarını məhdudlaşdırıb.
2019-cu ildə yanacaq qiymətlərinə etirazlar və daha sonra 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində olarkən ölümünün ardınca başlayan nümayişlərdən sonra İranda daha sərt məhdudiyyətlər tətbiq edilib.
WhatsApp, Telegram, Instagram, TikTok və YouTube kimi mesajlaşma proqramları da bloklanıb.
İranlılar illər ərzində məhdudiyyətlərdən yayınmaq üçün virtual özəl şəbəkələrdən və ya VPN-lərdən istifadə etməyə alışıb.
Xameneyi çıxışı zamanı bu yaxınlarda Fransada Telegram-ın Rusiya əsilli qurucusu Pavel Durovun tətbiqdə cinayətkarlığın qarşısını ala bilməməsi iddiası ilə həbs olunmasını misal gətirib.
"Bu yazıq gənci fransızlar saxlayıb. Sizi həbs edir, zindana salır, 20 il həbslə hədələyirlər. Bunlar onun onların qaydalarını pozduğuna görədir", Xameneyi bildirib.
İran son illər WhatsApp və Instagram-ın fəaliyyətinə yalnız onların ölkədə qanuni nümayəndəsi olduğu təqdirdə icazə veriləcəyini deyir.
Lakin Facebook, Instagram və WhatsApp-ın ana şirkəti olan Meta İranda ofis açmaq fikrində olmadığını bildirib.