İranda bir etirazçı öldürülüb

Kazerun şəhərinin yerləşdiyi Fars vilayətinin valisi Esmail Tabadar mayın 17-də ISNA yarı-rəsmi xəbər agentliyinə müsahibəsində bir etirazçının öldüyünü təsdiqləyib.

Tabadar şəhərdə “hələ də dağınıq etirazlar”ın davam etdiyini, ancaq “vəziyyətin nəzarətdə olduğunu” bildirib.

Vali deyib ki, adamlar etirazlarla bağlı sosial mediada yazılanlara inanmamalıdır.

***

İranın cənub-qərbi Kazerun şəhərində etiraz aksiyası olub, azı bir nəfər öldürülüb, altı nəfər xəsarət alıb. Xəbəri mayın 17-də İranın yarırəsmi Fars xəbər agentliyi yayıb.

Məlumata görə, etirazçılar polis məntəqəsinə od vurub.

“Fars” xəbər verir ki, mayın 16-da axşam “az sayda” etirazçı Kazeruna yığışıb. Bu şəhər paytaxt Tehrandan 900 kilometr cənubda yerləşir.

Artıq bir neçə həftədir Kazerunda dinc etirazlar keçirilir, əhali şəhərin bəzi rayonlarının ayrılıb yeni yaradılan şəhərə birləşdirilməsinə dair yerli administrasiyasının qərarına etiraz edir.

ETİRAZÇILARIN BURAXILMASINI TƏLƏB EDİBLƏR

Öncəki etirazlardan sonra hakimiyyət rayonların ayrılmayacağını bildirib.

Bir şahidin BBC-yə deməsinə görə, ötən günkü etirazda “bir neçə nəfər” saxlanıb və adamlar polis məntəqəsi qarşısına etirazçıların buraxılmasını tələb etmək üçün yığışıblar.

Polisin havaya atəş açması durumu gərginləşdirdi. Etirazçılar polis bölməsinə girərək ona od vurdular”, – şahid deyib.

İranda İnsan Haqları üzrə Nyu-York Mərkəzi yerli mənbələrə istinadla azı 3 nəfərin öldürüldüyünü bildirir. Sosial mediada etiraz aksiyasından həvəskar videolar yayılmaqdadır.

Videoların birində etirazçılar yaralını aparır. Digərində isə İranın dövlət siyasətinə qarşı şüarlar səsləndirilir.

Videonun birində bəzi etirazçılar deyirlər ki, Birləşmiş Ştatlar İran liderlərinin iddia etdiyi kimi, ölkənin real düşməni deyil.

Düşmənimiz burdadır. Düşmənin Amerika olduğunu deyirlər, səhv edirlər”, onlar qışqırıblar.

Kazerunda 150 min əhali yaşayır. Ənənəvi olaraq ov tüfəngləri gəzdirən qaşqay tayfası da əsasən burada məskunlaşıb.