İranda bazara hücum-5 nəfər ölüb

Dövlət televiziyasının çərşənbə günü bildirdiyinə görə, silahlı şəxslərin İranın cənub-qərbindəki İze şəhərinin bazarda atəş açması nəticəsində bir gənc qız daxil olmaqla, azı 5 nəfər həlak olub, mülki şəxslər və təhlükəsizlik qüvvələri yaralanıb.

Dövlət İRNA xəbər agentliyinin məlumatında isə bildirilib ki, silahlı şəxslər ölkənin mərkəzindəki İsfahan şəhərində İranın yarı-hərbi Bəsic hərəkatının iki üzvünü güllələyib. Hər iki hücumda silahlıların motosikletdə olduğu bildirilib.

Hücumların nədən qaynaqlandığı və ya onların son iki ayda İranı sarsıdan ümummilli etirazlarla bağlı olub-olmaması məlum deyil. Dövlət televiziyasının məlumatına görə, İzehdə baş verən atışmada təhlükəsizlik qüvvələri də daxil olmaqla, 10 nəfər yaralanıb.

İzenin yerləşdiyi Xuzistan vilayətinin qubernator müavini Vəliullah Həyati dövlət televiziyasına bildirib ki, öldürülənlər arasında bir gənc qız və bir qadın var.

Dövlət televiziyası çərşənbə günü axşam saatlarında İze şəhərinin müxtəlif yerlərində toplaşan onlarla etirazçı qrupların hökumət əleyhinə şüarlar səsləndirdiklərini, polis onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərkən polisə daş atdıqlarını bildirib. Dövlətə bağlı media isə kiminsə şiə dini seminariyasını yandırdığını yazıb.

Təhlükəsizlik qüvvələrinin bəzi etirazçı dəstələrini dağıtması zorakılıqla nəticələnib. İran eləcə də, keçən ay böyük şiə məbədində baş verən atışma da daxil olmaqla, separatçılar və dini ekstremistlərin günahlandırıldığı bir sıra hücumların şahidi olub.

Nümayişlər sentyabrda başlayıb. Ölkənin əxlaq polisi tərəfindən saxlanan 22 yaşlı qadının ölümünə qarşı başlayan etirazlar sürətlə İranın hakim din xadimlərinin devrilməsi və 1979-cu il İslam İnqilabından sonra qurulan teokratiyaya son qoyulması çağırışları edən nümayişlərə çevriib.

İran rəsmiləri heç sübut təqdim etmədən iğtişaşlara görə xarici düşmənləri günahlandırıb. Etirazçılar korrupsioner və avtoritar hesab etdikləri ruhani qurumun onilliklər boyu repressiyalarından bezdiklərini deyib.

İranda bir neçə aydır davam edən iğtişaşları izləyən İnsan Haqları Fəalları qrupunun məlumatına görə, etirazların son dalğasında azı 362 nəfər ölüb, 16 033 nəfər həbs edilib.