Dünya qüdrətləri İranın nüvə proqramını məhdudlaşdırmağa səy göstərir [Video]

Your browser doesn’t support HTML5

BMT nüvə agentliyi bildirir ki, İranla nüvə obyektlərinin təftişi istiqamətində uzun müddət dalana dirənmiş danışıqlar səmərəli keçir. Birləşmiş Ştatlar İranın beynəlxalq standartlara əməl edib etməmək istəyini sınaqdan keçirmək fürsətini alqışlayır.

ABŞ Dövlət Katibi Con Kerri: “Bəziləri deyir ki, hətta bunu yoxlamaq düzgün deyil. Mən deyərdim ki, ABŞ üçün bəşəriyyət qarşısında məsuliyyətli bir millət olaraq bunu sınqadan keçirməmək məsuliyyətsizliyin kulminasiyası və çox təhlükəli olardı. Biz bu qorxu taktikalarına və başqa cür deyənlərə boyun əyməyəcəyik.”

İranın yeni hökümətindən gələn təkliflərdən narahat olanlar arasında ABŞ-ın müttəfiqləri İsrail və Səudiyyə Ərəbistanı da var.

İsrail Ədliyyə Naziri Tzipi Livni: "Əgər siz səudilərin İranın qarşısını almaq üçün dediklərinə qulaq assanız, bu bizə də tanış gəlir. Mən düşünürəm ki, İrana gəldikdə ərəb və ivrit dilləri oxşar səslənir."

O, İsrailin İrandan ehtiyat edən ərəb hökümətləri ilə əməkdaşlıq etməsini istəyir.

"Təəssüf ki, İsrail və Fələstin arasındakı münaqişə onların İsraillə birgə İrana qarşı hərəkət etməsini çox çətin, hətta imkansız edir."

Vaşinqton Səudiyyənin və İsrailin nüvə danışıqları barədə narahatlığını yüngülləşdirmək üçün hələ heç nə etməyib, deyə sabiq ABŞ səfiri Adam Ereli bildirir.

"Onların narahatlığı başa düşüləndir. Çünki onlar Vaşinqtonda və Nyu Yorkda nə baş verdiyini görürlər. Onlar yüksək vəzifəli ABŞ rəsmilərindən fərqli heç nə eşitmirlər."

O, İran barədə narahatlığın yerində olduğunu deyir.

Adam Ereli: "Mənim fikrimcə onların hədəfi nüvə silahı inkişaf etdirməkdir. Onlar hətta sanksiyalar qaldırılsa belə, məhdudiyyətləri qəbul etməyəcəklər."

İran atom bombasına inkişaf etdirmədiyini və nüvə proqramının sülhməramlı olduğunu deyir. Dövlət xəbər agentliyi bildirir ki, oktyabrın sonlarında nüvə müfəttişləri ilə baş vermiş danışıqlar İran və BMT arasında buzları əridib.

Danışıqlarda irəliləyiş Həsən Ruhani prezident seçildikdən sonra başlayıb. Amerika Universitetindən professor Əkbər Əhməd cənab Ruhaninin İran üçün yeni istiqamət seçdiyini deyir.

Akbar Ahmad: "Mən düşünürəm ki, İran artıq beynəlxalq dördlüklə, dünya ictimaiyyəti ilə işləməli olduğuna inanır."

Cənab Kerri İrandan konkret addım gözlədiklərini bildirib.

"Bizim gözlərimiz tam açıqdır. Addımlar real və təsdiqlənə bilən olmalıdır. Onlar məsələni həll etməlidir. Bu addımları heç bir söz əvəz etməməlidir."

Con Kerri bildirir ki, yalnız həqiqi addımlar ABŞ və Avropa Şurasını sanksiyaların yüngülləşdirməsinə yönəldə bilər. Sanksiyalar İranın neft ixracatını günə bir milyondan çox barel azaltmaqla inflyasiyanı sürətləndirib və İran valyutasının dəyərinə ziyan vurub.