İran dövlət televiziyasının bildirdiyinə görə, İsrailin “Mossad” agentliyi ilə əlaqəsi olan və məxfi məlumatların yayılmasında iştirakda ittiham olunan üç nəfər İranın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Məlumatda həmin şəxslərin ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan vilayətlərində həbs edildikləri bildirilsə də, şəxsiyyətləri və ya məxfi məlumatları necə əldə etdikləri barədə məlumat verilməyib.
İran və İsrail uzun müddətdir bir-birini casusluqda və bir-birinə qarşı kölgə müharibələri aparmaqda ittiham edir. İsrail İranı ən böyük hədə olaraq görür və onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün dəfələrlə bu ölkəyə qarşı hərbi əməliyyatlar keçirməklə hədələyib. İran bu ittihamı rədd edir və istənilən təcavüzə sərt cavab verəcəyini vəd edib.
Yanvar ayında İsrail həssas saytların foto-şəkillərini çəkən, kəşfiyyat məlumatlarını toplayan və oğullarını İsrail hərbi kəşfiyyatına qoşulmağa təşviq edən sosial media vasitəsilə israilli qadınları işə cəlb edən İranın casus şəbəkəsini dağıdıb.
İyul ayında İran “Mossad”-la bağlı silahlı qruplaşma üzvlərini qərb sərhədindən gizlicə keçdikdən sonra həbs etdiyini bildirib.
İran vaxtaşırı ABŞ və İsrail də daxil olmaqla, xarici ölkələrə casusluqda ittiham etdiyi şəxslərin saxlandığını elan edir.
İran 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun tanınmış generalı haqqında məlumatı ABŞ və İsrailə sızdırmaqda günahkar bilinən şəxsi edam edib. Sonradan həmin general İraqda ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.
İran İsraili bir dövlət olaraq tanımır və regionda Hizbullah və Həmas kimi İsrail əleyhinə silahlı qruplaşmaları dəstəkləyir.