Musa Bərzin: İran qanunları məhbusları işgəncədən qorumur [Audio]

Musa Bərzin

Türkiyədə yaşayan güneyli vəkil Musa Bərzin Xəlifəlinin sözlərinə görə, İran qanunlarında işgəncə yasaq olsa da, ölkədə məhbuslara işgəncə verilməsinin qarşısını alacaq mexanizmlər mövcüd deyil. "Əməldə məhkəmələr işgəncə yolu ilə alınmış etiraflar əsasında hökm çıxarırlar.”

Your browser doesn’t support HTML5

Musa Bərzin Amerikanın Səsinə danışır


Əvvəllər Təbrizdə vəkil kimi çalışmış azərbaycanlı hüquqşünas Amerikanın Səsinə müsahibədə İran konstitusiyası və cəza qanunlarının işgəncə ilə bağlı maddələrini şərh etməklə yanaşı, İran zindanlarında işgəncə vəziyyəti, işgəncə yolu ilə alınan etiraflar və İran məhkəmələrinin bu etiraflardan nə şəkildə istifadə etməsini müzakirə edib. O, həmçinin bu xüsusda mərkəzdən uzaq bölgələr, o cümlədən Azərbaycan şəhərlərindəki durumu dəyərləndirib.

İran qanunları işgəncə yolu ilə alınmış etirafların qanuni omadığını deyir, ancaq əməldə məhkəmələr bir çox hallarda həmin etiraflar əsasında hökm çıxarırlar.
Musa Bərzin Xəlifəli
İran konstitusiyası və məhkəmə qanunlarında mövcüd olan işgəncə ilə bağlı maddələrə işarə edən vəkil bu qanunlarda məsələnin hərtərəfli ələ alınmadığı, habelə onların icrası ilə bağlı əlverişli mexanızmlərin mövcüd olmadığını qeyd edib.

“İran qanunları işgəncə yolu ilə alınmış etirafların qanuni olmadığını deyir, ancaq əməldə məhkəmələr bir çox hallarda həmin etiraflar əsasında hökm çıxarırlar,” deyə hüquqşünas vurğulayıb.

Xəlifəlinin dediklərinə görə, İranda işgəncəyə məruz qalan məhbuslar onlara işgəncə verənlərdən şikayət edə bilərlər. Ancaq adətən bu şikayətlərə baxılmır.

İnsan haqları təşkilatları İranda mərkəzdən uzaq bölgələr, habelə qeyri-fars cəmiyyətlər və azlıqların daha artıq işgəncəyə məruz qalma riski ilə üzləşdiyini bildirir. Bunu təsdiq edən Musa Bərzin Xəlifəli bu məsələyə səbəb olan amillərdən birinin insan haqları fəallarının bu bölgələrdən daha az xəbər yaymaqları olduğunu qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizlik qurumları tərəfindən nəzarət altına alınan milli fəalların araşdırma və sorğu-sual mərhələsində uzun müddət vəkillə təmin edilmir, ailələri ilə görüşmədən Ettelaat həbsxanalarında saxlanıldıqları üçün işgəncə verilmə ehtimalları yüksək olur və onları işgəncədən qoruyacaq heç bir qanun yoxdur.