İranda baş örtüyünü "düzgün" örtmədiyinə görə həbs edilən gənc qadının polis nəzarətində olarkən ölməsindən sonra başlayan iğtişaşların dördüncü aydır davam etdiyi bir vaxt Tehrandakı bir aptek icbari hicab qanununa əməl edilmədiyi üçün bağlanıb və onun qadın sahibinə qarşı cinayət işi açılıb.
Ədliyyə sisteminə bağlı olan "Mizan" xəbər agentliyinin rəhbəri fevralın 15-də Twitter səhifəsində "aptek sahibinin baş örtüyünə riayət etməsi barədə xəbərdarlıq edən şəxsə hörmətsizlik etdiyinə görə bağlanıb" yazıb.
Cavabında vəkil Əli Müctəhidzadə yazıb ki, "bir nəfərin hicaba riayət etməməsi bəhanəsi ilə biznesi bağlamaq qanunsuzluqdur".
Keçən həftə rəsmilər həmkarlar ittifaqlarına məktub göndərərək, paytaxtdakı mağaza və müəssisələrdə baş örtüyünə və məcburi qaydalara riayət olunmasına çağırıb.
AzadlıqRadiosunun Fərda şöbəsinin bir nüsxəsini əldə etdiyi məktubda deyilib ki, sərəncam "Hicab və İffət Qanunu"na əsaslanaraq, "baş örtüyü örtməməyin qarşısını almaq məqsədi ilə paytaxtdakı həmkarlar ittifaqlarına verilib".
İranda bu cür vətəndaş itaətsizliyi halları artıb. Ölkənin "Hicab və İffət Qanunu" 9 yaşdan yuxarı qadın və qızların ictimai yerlərdə başlarını örtməsini tələb edir.
Son həftələr sahibkarların və müdirlərin İslam qanunlarına və məcburi hicab qaydalarına əməl etməməsi səbəbindən müəssisələrin, restoranların, kafelərin və bəzi hallarda apteklərin bağlanması ilə bağlı çoxsaylı xəbərlər dərc olunur.