İran 2019-cu ildə bomba hücumunda təqsirli bilinən 3 nəfəri edam edib

İranın ədliyyə orqanlarının bildirdiyinə görə, 2019-cu ildə ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan vilayətində bomba hücumları həyata keçirməkdə təqsirli bilinən üç nəfər bazar ertəsi asılıb.

Həmin üç nəfər ölüm cəzasına 2019-cu ildə Sistan-Bəlucistan vilayətinin paytaxtı Zahedanda polis məntəqəsi və patrul avtomobilini hədəf alan bomba hücumlarında təqsirli bilindikdən sonra məhkum edilib.

"Zahidanda partlayış törədənlərə qarşı hökmlər bu gün icra olunub", Ədliyyə orqanının Mizan Online saytı vilayətin baş hakimi Əli Mustafaviniyaya istinadən bildirib.

Mostafavinia bildirib ki, müttəhimlər həmçinin "hərbi təlimdən keçmək, bomba hazırlama materiallarını ötürmə və gizlətmə" ittihamı ilə də məhkum ediliblər.

Mizan Online onların həmçinin 2012-ci ildə yaradılan və İran tərəfindən "terrorçu" təşkilat kimi qara siyahıya salınan sünni cihadçı "Ceyş Əl-Ədl" (Ədalət Ordusu) qrupunun üzvü olmaqda təqsirli bilindiklərini yazıb.

Amnesty İnternational da daxil olmaqla, insan haqları qruplarının məlumatına görə, Çin istisna olmaqla, digər ölkələrlə müqayisədə İranda hər il daha çox insan edam edilir.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupunun noyabr hesabatında bildirilib ki, bu il İranda 600-dən çox adam edam edilib ki, bu, 8 ilin ən yüksək göstəricisidir.

İranın Pakistanla sərhəddə yerləşən yoxsul Sistan-Bəlucistan vilayətində illər ərzində iğtişaşlarda narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstələr, Bəluc azlığından olan üsyançılar və sünni müsəlman ekstremist qrupları iştirak ediblər.

Bazar ertəsi İranın rəsmi İRNA xəbər agentliyi Pakistanla sərhəd yaxınlığında silahlı qrupla qarşıdurmada bir hərbi qulluqçunun öldüyünü, ikisinin isə yaralandığını bildirib.

Sentyabr ayında vilayətdə silahlı şəxslər iki polis işçisini öldürüb. İyul ayında isə dörd polis zabiti patrul xidməti zamanı həlak olub.

Həmin ayın əvvəlində Ceyş Əl-Adl qrupunun daha sonra məsuliyyəti öz üzərinə götürdüyü hücum zamanı atışma nəticəsində iki polis işçisi və dörd hücumçu öldürülmüşdü.