İran hakimiyyəti qadın işçilərin hicabsız fotolarına görə şirkəti hədəf alıb

Yarı-rəsmi medianın xəbər verdiyinə görə, İran hakimiyyəti ölkənin ən böyük elektron-ticarət şirkətinin ofislərindən birini bağlayıb və qadın işçilərin məcburi hicabı taxmadığını göstərən şəkilləri internetdə dərc etdiklərinə görə məhkəmə prosedurlarına başlayıb.

Belə görünür bu addım geniş yayılmış etirazlardan sonra əxlaq polisinin İran küçələrindən çəkilməsindən təxminən bir il sonra İslami geyim kodunu tətbiq etmək üçün keçən həftə başlayan yeni kampaniyanın bir hissəsidir.

Qeyri-rəsmi olaraq "İranın Amazonu" kimi tanınan “Digikala" şirkəti bir neçə qadın əməkdaşının hicabsız olduğu korporativ toplantının şəkillərini yerləşdirməklə qaydaları pozmuş kimi görünür.

Şirkətin ayda 40 milyondan çox aktiv istifadəçisi var və 300 mindən çox satıcıya ev sahibliyi edir. İranlılar ölkənin mübahisəli nüvə proqramı ilə bağlı Qərbin sanksiyaları səbəbindən Amazon kimi beynəlxalq pərakəndə satış şəbəkələrindən istifadə edə bilmir.

Paytaxt Tehran bələdiyyəsinə bağlı olan İranın "Həmşəhri" qəzetinin İnternet saytı bazar günü axşam saatlarında "Digikala"nın ofislərindən birinin möhürləndiyini bildirib.

İran ədliyyəsinin internet saytında heç bir açıqlama verilmədən fotolarla bağlı məhkəmə işlərinin açıldığı bəyan edilib.

Ümummilli etirazlar keçən ilin payızında 22 yaşlı Məhsa Əmininin əxlaq polisinin nəzarətində olarkən ölməsindən sonra başlayıb. O, ölkədə həm kişilərin, həm də qadınların mühafizəkar geyinməsini, qadınların isə ictimai yerlərdə saçlarını örtməsini tələb edən geyim qaydalarını pozduğuna görə saxlanılıb.

Qadınların aparıcı rol oynadığı etirazlar tez bir zamanda 1979-cu il inqilabından sonra hakimiyyəti ələ keçirən İran teokratiyasının devrilməsi çağırışlarına çevrilib. Rəsmilər buna ağır repressiyalarla - 500-dən çox nümayişçinin öldürülməsi və 20 minə yaxın insanın həbs edilməsi ilə cavab verib. Etirazlar bu ilin əvvəlində xeyli azalsa da, hələ də geniş yayılmış narazılıq əlamətləri var.

Etirazlar başlayandan sonra əxlaq polisi demək olar ki, küçələrdən çəkilib və xüsusən də Tehranda və digər şəhərlərdə olmaqla, bir çox qadın hicab taxmaqdan imtina edib.

Rəsmilər böhran boyu qaydaların dəyişmədiyində israr edir. İranın hakim din xadimləri hicaba İslam Respublikasının əsas sütunu kimi baxır və Qərb üslubunda geyinməyi tənəzzül əlaməti hesab edir.

Keçən həftə məmurlar qadınları hicab taxmağa məcbur etmək üçün yeni kampaniya elan etdikdən sonra əxlaq polisi yenidən küçələrə qayıdıb.