İranlı 2 siyasi məhbus məzuniyyətləri bitdikdən sonra həbsxanaya qaytarılıb

İran Azərbaycanının Əhər və Sulduz şəhərlərinin həbsxanasından müvəqqəti azadlığa buraxılan İsrafil Fətullahzadə və Səccad Şəhiri məzuniyyət müddəti bitdikdən sonra həbsxanaya qaytarılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, İsrafil Fətullahzadə mayın 14-də və Səccad Şəhiri isə Mayın 15-də həbsxanaya qaytarılıb.

Koronavirus infeksiyasının İran həbsxanalarında yayılması səbəbi ilə məzuniyyətə buraxılan milli fəal İsrafil Fətullahzadə aprelin 24-də və Səccad Şəhiri aprel ayının 25-də hər biri 20 günlük müddətində girov qarşılığında məzuniyyətə buraxılmışdılar.

İsrafil Fətullahzadə yanvar ayının 30-da təhlükəsizlik qüvvələri tərəfindən 7 aylıq həbs cəzasının tətbiqi üçün Əhər həbsxanasına yerləşdirilmişdi.

O, 2015-ci ildə Əhər şəhərində İran dövlət televiziyasında "Fitilə" adlı uşaq proqramında türklərin aşağılanması ardından keçirilən aksiyalarda həbs edilmişdi.

Fəthullahzadə Əhər İnqilab Məhkəməsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq fəaliyyəti ilə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək"də ittiham edilmişdi.

Səccad Şəhiri isə aprelin 3-də məhkəməyə müraciət etdikdən sonra həbs edilib və 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz həbsxanasına köçürülmüşdü.

Şəhiri məhkəmə işinin ilk mərhələsində Sulduzun 2-ci Cinayət Məhkəməsinin 103-cü şöbəsinin sədri hakim Əmir Kiyumərsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.

Daha sonra isə milli fəala verilən bu hökm Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

Səccad Şəhiri keçən ilin yanvar ayının 16-da kəşfiyyat agentləri tərəfindən həbs edilmişdi. Milli fəal həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülərək, martın 18-də 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.