İnsan Haqları Təşkilatı İranda daha 7 nəfərin edam edildiyini deyir

İran çərşənbə günü Tehran yaxınlığındakı iki həbsxanada narkotik maddə və zorlama ittihamları ilə 7 nəfəri edam edib.

Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı iki nəfərin nadir küfr ittihamı ilə edam edilməsindən sonra ölkədə edamların "qorxulu" sayda yüksək olduğu barədə xəbərdarlıq edib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) Tehran yaxınlığındakı Kərəc şəhərinin Gezal Həsar həbsxanasında üç nəfər narkotiklə maddə ittihamı ilə edam edildiyini bildirib.

Təşkilat əlavə edib ki, daha 4 nəfər Kərəcdəki Rəcayi Şəhr həbsxanasında zorlama ittihamı ilə asılıb.

Ədliyyə orqanlarının Mizan Online saytı narkotik maddə ittihamı ilə edamını təsdiqləyərək, məhkumların qəşiş satmaqla məşğul olan kartelin üzvləri olduğunu bildirib. Zorlama ittihamı ilə həyata keçirilən dörd edamla bağlı hələlik heç bir rəsmi tməlumat yoxdur.

İran İnsan Haqları təşkilatının bildirdiyinə görə, son edamlar İranın son 12 gündə azı 64 edam hökmünün həyata keçirdiyi deməkdir.

"Hökumətin edam maşını sürətlənir. Məqsəd xalqı qorxutmaqdır və qurbanlar cəmiyyətin ən zəif insanlarıdır" - deyə, IHR direktoru Mahmud Əmiri Moqəddam bildirib.

IHR narkotik maddə ittihamı ilə edam edilən üç nəfərin ailələrinin edamları dayandırmaq məqsədi ilə Gezəl Hesar həbsxanasının qarşısında etiraz etdiklərini göstərən görüntülər yayımlayıb.

Video görüntülərində atəş səsləri eşidilib. IHR polisin etirazı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyini bildirib. Ailə üzvlərindən biri döyüldükdən sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fəallar İranı keçən ilin sentyabrında başlayan etirazlardan sonra xalqı qorxutmaq üçün ölüm hökmündən istifadə etməkdə ittiham edir. Etirazlara İranın qadın geyimi qaydalarını pozduğu iddiası ilə həbs edilən Məhsa Əmininin həbsdə olarkən ölməsi səbəb olub.

Keçən il İranda azı 582 nəfər edam edilib ki, bu, ölkədə 2015-ci ildən bəri ən yüksək göstəricidir və 2021-ci ildə qeydə alınan 333 nəfərdən xeyli çoxdur. Bu barədə IHR və Parisdə yerləşən "Ölüm Cəzasına Qarşı Birlikdə" təşkilatının aprel ayında açıqladığı birgə hesabatında bildirilib.