İran Azərbaycanında seçkilərin qalibləri

Aprelin 29-da keçirilən İranın parlament seçkiləri ikinci mərhələsində seçilən deputatları "Ümid Siyahısı"nın namizədləri, mühafizəkarlar və müstəqillər kateqoriyalarına ayıran İran xəbər agentlikləri islahatçı və mötədil namizədlərdən ibarət olan Ümid Siyahısının qalib olduğunu yazırlar.

Amma siyasi şərhçilər 10-cu parlamentdə müxtəlif siyasi cərəyanların ağırlığını dəyənləndirmək üçün müstəqillərin nəhayi qərarını gözləyir. Müstəqillərin əksəriyyətinin mühafizəkar (usulgera) cərəyana meyilli olduğu bildirilir.

İran Azərbaycanının ən böyük şəhərləri və eyni zamanda ən önəmli siyasi mərkəzləri hesab edilən Təbriz və Urmiyədə mühafizəkar və islahatçılar təqribən bərabər nəticə əldə ediblər.

Təbrizdə Ümid Siyahısından Zəhra Sai və Şəhabəddin Bimiqdar, mühafizəkar Məhəmməd Hüseyn Fərhəngi və müstəqil namizəd Əlirza Munadi ikinci mərhələ seçkilərinin qalibi olublar. Fevralın 26-da keçirilən seçkilərin birinci mərhələsində isə islahatçı Məsud Pezeşkiyan və muhafizəkar Əhməd Əlirza Beygi məclisə seçilmişdi.

İnternet qəzetləri Urmiyə seçkilərində yarışan qruplar arasından ölkənin digər bölgələrindən fərqli olaraq Üçüncü Dalğanın uğur qazandığını yazırlar. Qərbi Azərbaycan vilayətinin mərkəzində əsas şüarları kimlik məsələsi və türklərin dil hüquqları ilə bağlı olan Hadi Bahadıri və Ruhullah Həzrətpur məclisə daxil olmağa nail olublar. Birinci mərhələdə isə mühafizəkar namizəd Nadir Qazipur seçkilərin qalibi olmuşdu.

Rəsmilərin mətbuata bildirdiyinə görə, Təbriz və Urmiyədə seçkilər ümumiyyətlə əhali tərəfindən yaxşı qarşılanmayıb. Hər iki şəhərdə iştirak səviyyəsi 50 faizdan aşağı olub.

İran Azərbaycanının digər böyük şəhərləri Ərdəbil və Zəncanda müvafiq olaraq bir islahatçı və iki mütəqil namizəd ikinci mərhələdə deputat seçilib.

Seçkilərin ikinci mərhələsində ikisi İran Azərbaycanından olmaqla daha dörd qadın parlamentə daxil olmağa nail olub.

İran Parlamenti (İranın İslami Şura Məclisi) 290 deputatdan ibarətdir. 10-cu dövr seçkilərinin birinci mərhələsində məclisə daxil olacaq millət vəkillərinin əksəriyyəti müəyyənləşib. İkinci mərhələdə isə 136 namizəd arasından 68 deputat seçilib.