Bəhai lideri: İran həbsxanalarında koronavurusun yayılmasına baxmayaraq 100-ə qədər bəhai saxlanır

Bəhailəri təmsil edən beynəlxalq təşkilat İran həbsxanalarında koronavirusa yoluxma riski altında olan 100-ə qədər bəhai məhbusdan narahat olduğunu bildirib.

Bazar ertəsi Amerikanın Səsinin fars şöbəsinə müsahibə verən Beynəlxalq Bəhai Birliyinin Nyu-Yorkdakı baş nümayəndəsi Bani Duqal İranın basırıq və gigiyena şəratinin əlverişli olmadığı həbsxanalarında təxminən 50 ilə 100 arasında bəhainin saxlandığını deyib.

Hüquq müdafiəçiləri həbsxanalarda koronavirusun yayılması barədə xəbərdarlığa mart ayının əvvəllərində, hökumətin koronavirusa daha çox yoluxmanın qarşısını almaq üçün minlərlə məhbusun müvəqqəti azad edilməsi siyasətindən əvvəl başlayıb.

Duqal İrandakı Bəhai təşkilatının onu İran hökumətinin son həftələr həbsxana siyasətinin bir hissəsi olaraq təxminən 20 bəhai üzvünün sərbəst buraxıldığı haqda məlumatlandırdığını bildirib. O, İranın nəyə görə həmin məhbusları sərbəst buraxdığını və digər 50 ilə 100 bəhaini həbsxanasında saxlamaqda davam etdiyinin aydın olmadığını deyib.

"İrandakı ümumi həbsxana şəraitini nəzərə alaraq qalan məhbuslardan çox narahatıq. Onlardan kiminsə virusa yoluxduğunu bilmirik, çünki bununla bağlı detalları müəyyənləşdirmək çətindir. Ancaq əminəm ki, onlar yoluxub" - deyə, Duqal bildirib.

Duqal həmçinin təşkilatının İranda saxlanılan bütün Bəhailərin haqsız yerə həbs edildiyi barədə uzun müddətdir bölüşdüyü fikri yenidən təkrarlayıb.

İranın İslamçı şiə hökuməti ölkədəki 300.000 bəhainin heç bir dinə aid olmadığını deyir. İnsan haqları qruplarının bildirdiyinə görə, İran hökuməti müntəzəm olaraq azlıqda olan Bəhailəri inanclarını ifadə etdiklərinə və ya icra etdiklərinə görə həbs edir və heç bir dəlil göstərmədən milli təhlükəsizliklə əlaqəli cinayətlərdə ittiham edir.

Duqal BMT-nin Cenevrədəki İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet də daxil olmaqla, Beynəlxalq Bəhai Birliyinin aparıcı üzvlərinin BMT rəsmilərindən bütün vicdan məhbuslarının, xüsusən də Bəhailərin azad edilməsi üçün İrana müraciət etmələrini istədiklərini bildirib.

ABŞ-ın qlobal din azadlığını monitorinq edən hökumət orqanının üzvü Amerikanın Səsinə açıqlamasında təşkilatının İrandakı bəhailərə qarşı ayrıseçkiliklə bağlı BMT ilə davamlı ünsiyyətdə olduğunu deyib.

Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Coni Murun dediyinə görə, İranda bəhailərin hüquqlarının davamlı şəkildə pozulması İran liderlərinin beynəlxalq ictimaiyyəti İslam Respublikasına qarşı həyata keçirilən iqtisadi təzyiqləri azaltmağa inandırmasına mane olacaq.