Rza Siyami: İranda türkcə filmlərin uğur qazanması üçün sərmayə lazimdir [Audio-Müsahibə]

Rza Siyami

Türkcə "Ev" filmi iranlı kino tənqidçilərinin birinci seçimi olub

Rejissor Əsgər Yusufinejadın Şərqi Azərbaycan vilayətində çəkdiyi türkcə “Ev” filmi bu yaxınlarda keçirilən İranın beynəlxalq Fəcr Festivalında mükafat qazanmasa da tənqidçilərin geniş rəğbət və alqışını cəlb edə bilib. Tehrandan Amerikanın Səsinə danışan kino-rejissor Rza Siyaminin bildirdiyinə görə, iranlı tənqidçilər və kino yazarlarının birinci seçimi elə “Ev” kino-filmi olub.

Your browser doesn’t support HTML5

Rza Siyami "Ev" filminin uğuru haqda danışır

Son illərdə İran Azərbaycanında türk dilində çəkilən qısametrajlı filmlərin sayı və keyfiyyətinin xeyli artdığını önə çəkən Siyami deyir ki, “Ev”-in bu uğuru ilə artıq İranda türkcə bədii filmlər dövrünün başlandığını ifadə etmək mümkündür.

Türk filmlər janrının yaranması bir çox şeydən asılıdır. Millətimizin dəstəyi, iş adamlarımız və Azərbaycan şəhərlərində dövlət məsullarının dəstəyi lazimdir.
Rza Siyami

"Ev", Rza Siyaminin söylədiyinə görə, 2004-cü ildən bəri İranın Fəcr Festivalında yarışan ilk türkcə kino-filmdir. Film türk dilində olsa da, Rza Siyami onun estetik və tərz baxımından İran kinematoqrafiyasına aid olduğunu vurğulayır.

“'Ev' filmi demək olar ki İranda sənət və təcrübə adı ilə tanınan filmlər kategoriyasında yerləşir... Film tərz, stil və estetik olaraq bir İran filmidir və hətta məzmun seçimi, məzmuna giriş və məzmuna baxış tərzi İran sineması aiddir,” o söyləyir.

Siyami filmin tənqidçilər tərəfindən yüksək dəyərləndirməsini önəmli bir olay hesab edir:

"Ev" filmi

“Fəcr Festivalında dəyərləndirilmək çox önəmlidir... Ev filminin festivalın əsas yarışma qisminə daxil olması və tənqidçilərin ona müsbət baxışları çox müsbət haldır... Bir çox tənqidçi və sinema yazarları tərəfindən yüksək dəstək aldı. Son günlərdə buranın mətbuatında, qəzetlər və saytlarda çox müsbət yazılar yazıldı... Bu türkcə filmlərin bir dalğaya bir janra çevrilməsi [yönündə] böyük bir addımdır. Yaxın zamanda yəqin ki filmin rejissor və prodüsseri Əsgər Yusufinejad onu xarici festivallara çıxaracaq və məncə qərəzsiz və tərəfsiz dəyərləndirmədə şübhəsiz çox uğurlar qazanacaq.”

Əsgər Yusufinejad

Əsgər Yusufinejadın filmi İranın dövlət televiziyasında da müsbət qiymətləndirilib. “Hətta İranın dövlət TV-sinin hazırladığı verilişdə dəfələrlə bu filmə müsbət dəyər verildi. Filmin heç bir mükafata namizəd göstərilməməsinə də ilk etiraz edən İran televiziyasının aparıcısı oldu. Aparıcı Behruz Əfxəmi ki özü İranın tanınmış rejissorlarındandır... Mətbuat və sinema yazarlarının baxışında birinci gələn filmə jüri mükafat vermədi,” deyə Rza Siyami qeyd edir.

O, "Ev" filminin uğurunu keçən illərdən başlanan bir proses daxilinda dəyərləndirir:

“Keçən 10 ilin içində türkcə qısa filmlər və televiziya filmləri sahəsində bir hərəkət başlandı və getdikcə çoxaldı və başarılı oldu. Əgər 10 il öncə iki ya üç qısa film çəkilirdi indi 100 film çəkilir. Bunlar daxili və xarici festivallarda yüksək mükafatlar qazanırlar... Deyə bilərəm ki indi Azərbaycan vilayətlərində çəkilən qısa filmlərin çoxu türkcədir. Farsca film çəkən çox azdır.”

"Ev" filmi bir çox tənqidçi və sinema yazarları tərəfindən yüksək dəstək aldı. Son günlərdə buranın mətbuatında, qəzetlər və saytlarda çox müsbət yazılar yazıldı.
Rza Siyami

Siyami davam edir, “indi o qısa filmləri çəkən o gənclərin bir çoxu kino filmi çəkmək hazırlığına gəliblər. Amma, bu sərmayə və maddi dəstək tələb edir... İranda türkcə filmlər dövrü qısa filmlərlə başlamışdı, sinemada da indi 'Ev' filminin belə yüksək səviyyədə qarşılanması ilə başlanır. Amma bunun bir dalğa və bir janra çevrilməsi, yəni türk filmlər janrının yaranması bir çox şeydən asılıdır. Millətimizin dəstəyi, iş adamlarımız və Azərbaycan şəhərlərində dövlət məsullarının dəstəyi lazimdir.”