Türk fəallar Tehranda fəaliyyət göstərən “Əndişə Nov” nəşriyyat və kitab evinin müdiri Yusuf Qövsinin təhlükəsizlik qurumlarının basqılarına məruz qalması ilə bağlı narahatlıqlarını bildirirlər.
Yusuf Qövsi (Fərzanə) təqribən 50 ildir Tehranda türk dilində kitabların nəşri və satışı sahəsində fəaliyyət göstərir.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet səhifələri Ettelaat qüvvələrinin Qövsini nəzarət altına aldıqlarına dair xəbərlər yayıblar.
İran Azərbaycanı və Tehranda fəaliyyət göstərən bir neçə tanınmış yazar və türk fəal sosial media səhifələrində yazılar paylaşaraq naşirin dəfələrlə təhlükəsizlik qurumuna çağırılıb sorğu-sual edildiyini təsdiq edib.
Son aylar ölkə daxili və xaricində ciddi siyasi-iqtisadi böhranlar ilə qarşı-qarşıya olan İran İslam Respublikasının rəsmiləri İran Azərbaycanında birlik və həmrəyliyə dair mesajlar versələr də, türklərə qarşı mədəni və siyasi basqıların xeyli artdığı müşahidə olunur.
Tanınmış naşirin hazırda həbsxanada saxlanıldığına dair dəqiq məlumat olmasa da, Amerikanın Səsinə məlumat verən yerli fəallar @Əndişə Nov kitab evinin bir neçə gündür qapalı olduğunu və Yusuf Qövsinin təhdid və basqılara məruz qaldığını təsdiq edirlər.
Həmin məlumata istinadən, təhlükəsizlik qüvvələri müəyyən kitablar, o cümlədən İranda türk kimliyi və tarixinə dair əsərləri kitab evindən toplayıb, aparıblar.
Son aylar ölkə daxili və xaricində ciddi siyasi-iqtisadi böhranlar ilə qarşı-qarşıya olan İran İslam Respublikasının rəsmiləri İran Azərbaycanının müxtəlif şəhərlərində birlik və həmrəyliyə dair mesajlar versələr də, türklərə qarşı mədəni və siyasi basqıların xeyli artdığı müşahidə olunur.
Son vaxtlar İran Azərbaycanı və Tehranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara təzyiqlər kəskin şəkildə artıb.
Bir neçə həftə əvvəl Tehran Beynəlxalq Kitab Sərgisində “pan-İranist” qüvvələrin İran Azərbaycanından sərgiyə qatılan bir nəşriyyatın pavilyonuna hücumu geniş təpkilərə səbəb olmuşdu.
Novruz Bayramı ərəfəsində nəşr edilmiş “Türkcə Təqvim” ilə əlaqədar olaraq mədəni fəal Behnam Nurməhəmmədi Tehranda işlətdiyi mətbəədə nəzarət altına alınmışdı. Nurməhəmmədidən sonra həmin mövzu ilə əlaqədar Yasir Ərfəi və Mehdi Qəməri adlı daha iki fəal həbs edilmişdi.