İran Azərbaycanında Qarabağa dəstək mitinqlərində onlarla vətəndaş həbs edilib

İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə Qarabağa dəstək mitinqləri təşkil edilib. Ərdəbil, Təbriz, Urmiyə, Zəncan, Tehran, Meşkinşəhr və Muğan kimi bölgələrdə çevik qüvvə polisi və təhlükəsizlik qüvvələri mitinqləri dağıtmaq üçün odlu silah, dəyənək və göz yaşardıcı qazdan istifadə ediblər.

Hüquq müdafiəçiləri İran Azərbaycanının müxtəlif vilayətlərində onlarla vətəndaşın nəzarət altına alındığını bildirir.

Sentyabrın 29-da Ərdəbilin Ciral parkında təşkil olunan mitinqdə təqribən 20 vətəndaşın nəzarət altına alındığına dair məlumat yayılmışdı. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Ərdəbil şəhərində daha neçə nəfər həbs edilib.

Oktyabrın 1-də Ərdəbildə saxlanılanlardan Əli Xeyrcu, Meysəm Colani, Mərziyə Cavanşir, Əhməd Məhəmmədpur, Yaşar Muradi, Əli Məali və Yunus Muradinin adları yayılıb.

SEE ALSO: İran polisi Ərdəbildə Qarabağa dəstək mitinqini sərt şəkildə dağıdıb

İran Azərbaycanı ilə bağlı məlumat yayan internet portallarına istinadən, ən çox həbs Təbriz şəhərində baş verib. Təbrizdə tutulanların kimliyi ilə bağlı məlumat yayılmayıb. Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərinə görə, Təbrizdə “Rasta Küçə”-də bir qrup vətəndaş saxlanılan bəzi mitinq iştirakçılarını çevik qüvvə polisinin əlindən alıblar. Türk fəal Mehdi Dustdarın yaxınları onun Təbrizdə həbs edildiyini bildirib.

Oktyabrın 1-də Urmiyənin İmam və Atayi küçələrində mitinqlər təşkil edilib. Urmiyədə nəzarət altına alınanlardan Huşəng Nağızadə, Əmir Gövhəri, Səhənd Behnəmun, Rza Xəlili, Cavad Rzayi, Əşkan Səadətmehr, Salar Tahir Afşar və Əbulfəzl Əsgərinin adları yayılıb.

Zəncan şəhərində təşkil olunan mitinqlərdə ən az 5 nəfər, o cümlədən Əkbər Qarabaği və Məcid Kəriminin saxlanıldığı bildirilir. Türk fəal Səfiyə Qarabaği öz twitter hesabında qardaşı Əkbərin Zəncanın təhlükəsizlik qurumuna aparıldığını bildirib.

Ərdəbil vilayətinin Meşginşəhr və Muğan bölgələrində isə Vəhid Xavəndi, Siyamək Seyfi, Kazım Səfabəxş, Mehdi İbadullahi, Şəhruz Himmətoğlu və Peyman Ağayinin nəzarət altına alındığına dair məlumat yayılıb.

Sosial mediada yayımlanan video-görüntülərə istinadən Tehranın İmam Hüseyn Meydani və 17 Şəhrivər küçəsində də Qarabağa dəstək mitinqləri təşkil olunub.