İran və Avropa İttifaqı rəsmiləri Cenevrədə görüşüb

İran və dünya altı qüdrətli dövlətinin nümayəndələri on ildir mübahisə mövzusu olan İranın nüvə proqramının həlli yolunun tapılması üçün Cenevrədə görüşürlər.

Danışıqların növbəti mərhələsi İranın xarici işlər naziri Cavad Zərifin Avropa İttifaqının xarici siyasət rəhbəri Ketrin Eştonla “Xoş niyyətli görüş" adlandırılan səhər yeməyi süfrəsi ilə başlayıb.

Daha sonra İranın nümayəndə heyəti Təhlükəsizlik Şurasının beş daimi üzvü, Almaniya və Avropa İttifaqının nümayəndə heyəti ilə 45 dəqiqəlik toplantı keçirib. Gün ərzində kiçik qruplarla müzakirələr aparılıb.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə cənab Zərif xanım Eştonla keçirdiyi görüşün uğurlu olduğunu deyib.

O, əlavə edərək bildirib ki, indi tərəflər daha ətraflı danışıqlara başlayacaqlar.
“Mən ümid edirəm ki, biz irəliyə doğru addımlar atacağıq. Biz irəliləyiş görürük, amma bu çox çətinliklə başa gəlir” – deyə, Cavad Zərif bildirib.

Avropa İttifaqının sözçüsü danışıqların indi daha ciddi mərhələyə keçdiyini deyib.