Ağ Ev: İranda nümayişçilərin işgəncələrə məruz qoyulması və qətlə yetirilməsi faktları narahatedicidir

Ağ Ev İran nümayişçilərinin işgəncələrə məruz qoyulması və qətlə yetirilməsi faktlarının narahatedici olduğunu bildrərək, bütün siyasi məhbusların dərhal azadlığına çağırıb.

"İran diktatorluğu vətəndaşlarının ən adi hüquqlarını repressiyalarla pozur. Zorakılıqların məsuliyyətini İran rejimi daşıyır"- deyə, Ağ Evin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, İran xalqı hökumətin repressiyaları, korrupsiya, israfçılıq və hərbi avantürizmə qanuni şəkildə etirazını bildirir.

"Demokratiyanı dəstəklədiyini iddia edən İran rejimi xalqının tələbinə öz qəddar təbiəti ilə cavab verir" , bəyanatda bildirilir.

ABŞ prezidenti Donald Tramp İran hökumətinə qarşı etiraz edənlərə dəstək məqsədilə özünün Twitter səhifəsində bir neçə şərhlə çıxış edib. O, Twitter-də bunları yazıb: “Prezident Obamanın onlara düşünülməmiş şəkildə verdiyi pullar terrorizmə və şəxsi ciblərə gedib. İnsanlar ərzaq çatışmazlığı, böyük inflyasiya və ədalətsizlik yaşayır. Birləşmiş Ştatlar bunları görür!”.

Trampın bu şərhindən sonra İranın Xarici İşlər Nazirliyi belə cavab verib: “Vaxtlarını başqa ölkələrlə əlaqədar yararsız və təhqiredici şərhlərə sərf etməkdənsə, öz ölkələrindəki daxili məsələlərə, məsələn, hər gün onlarla insanın öldürülməsinə, milyonlarla evsiz və ac insanın vəziyyətinə nəzər yetirsinlər."

İranda etirazlar zamanı 22 adam ölüb, çoxsaylı nümayişçi həbs edilib.