İran hökumət əleyhinə etirazlarda iştirak etdiyinə görə məhkum edilmiş şəxslərdən ilkinin edam edildiyini bəyan edib.
Dövlət mediası cümə axşamı bildirib ki, Tehranda yolu bağlamaqda və təhlükəsizlik qüvvələrinin əməkdaşına hücum etməkdə ittiham olunan 23 yaşlı Möhsün Şəkari cümə axşamı səhər asılıb.
İran məhkəmələri etirazlarla əlaqədar həbs edilən insanlardan azı 10-na ölüm hökmü çıxarıb. Şekari edam edilən ilk şəxs olub.
İranda İnsan Haqları Kampaniyasının direktoru Hadi Qayemi Amerikanın Səsinin fars xidmətinə deyib ki, İran məhkəmələrindəki bütün ölüm hökmləri "siyasi qətllərdir".
İranda iğtişaşlara sentyabr ayında baş örtüyünü düzgün örtmədiyi üçün ölkənin əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı kürd qadın Məhsa Əmininin ölümü səbəb olub.
Çərşənbə günü İranda etirazçı tələbələr küçələrə axışıb. Amerikanın Səsinin Fars xidməti xəbərlərə istinadla bildirib ki, etiraz aksiyaları azı 20 universitet ətrafında keçirilib, təhlükəsizlik və mülki geyimli qüvvələrlə tələbələr arasında toqquşma olub.
İranın ali dini liderinin bacısının Fransada dərc olunan məktubunda o, etirazçılara qarşı basqıları pisləyib və İnqilab Keşikçilərini geri çəkilməyə çağırıb.
İranda yaşayan Bədri Hüseyni Xameneyi 2022-ci ilin dekabrında yazdığı məktubunda İslam Respublikasının yarandığı gündən bu günə qədərki ruhani quruluşunu tənqid edib.
"Bunu indi bəyan etməyi məqsədəuyğun hesab edirəm: Mən qardaşımın hərəkətlərinə qarşıyam və Xomeyni dövründən tutmuş Əli Xameneyinin despotik xilafətinin indiki dövrünə qədər İslam Respublikasının cinayətlərinə yas tutan bütün analara başsağlığı bildirirəm" , oğlu Mahmud Moradxani çərşənbə günü Twitter-də paylaşdığı məktubda yazıb.