ABŞ və İranın yüksək səviyyəli rəsmilərinin söz güləşi davam edir. Baxmayaraq ki, tərəflər müharibə istəmədiklərini bəyan edib.
İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi çərşənbə günü ABŞ-ı "dünyanın ən qəddar ölkəsi" və " müharibə, münaqişə və qarət mənbəyi" adlandırıb.
Amerikanın Xameneyini hədəf alan sanksiyaların tətbiqindən bir neçə gün sonra ali ruhani rəhbər deyib ki, iranlılar bu sərh sanksiyalara məruz qalsalar da, zəifləməyib, möhkəmlənib.
Birləşmiş Ştatlar İran hökümətinin davranışlarını dəyişməyə vadar etmək məqsədilə ölkə iqtisadiyyatına əlavə təzyiq göstərmək üçün bazar ertəsi İrana qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ prezidenti Donald Tramp "ağır zərbəli" sanksiyaların İranın ali ruhani lideri Ayətulla Əli Xameneyini hədəf aldığını deyib.
Sanksiyaların tətbiqinə dair ABŞ dövlət başçısının imzaladığı sənəd Xameneyi və onun ölkəsinin dünya maliyyə bazarlarına çıxışını məhdudlaşdıracaq.
Amerikanın maliyyə naziri Steven Mnuçin bildirib ki, bu addım sözün əsl mənasında İranın on milyardlarla dollarlıq əmlakını "qıfıllamış" olacaq.
İran prezidenti də müharibə tərfdarı olmadığını bildirsə də, təcavüzün hər bir növünün cavabsız qalmayacağı ilə hədələyib.
Donald Tramp isə deyib ki, onlar nə istəyirlərsə, mən hazıram.
Daha əvvəl ABŞ prezidenti tvit edərək yazıb ki, Tehranın hər bir hücumu güclü müqavimətlə qarşılanacaq.
İran nüvə silahları üzərində çalışdığını rədd edir və 2015-və ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə razılıq imzalayaraq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb.
Lakin ABŞ-la İran arasında münasibətlər Donald Trampın hakimiyyəti dövründə pisləşib, xüsusilə də onun ötən il razılıqdan geri çəkilib, yeni iqtisadi sanksiyalar tətbiq etməsindən sonra.
ABŞ rəsmiləri bu yaxınlarda Tehranı Hörmüz boğazında iki neft tankerinə mina hücumuna və daha sonra ABŞ dronunun vurulmasına görə günahlandırmasından sonra iki ölkə arasında mümkün silahlı qarşıdurma ilə bağlı narahatlıqlar artıb.
Tramp cümə axşamı bildirib ki, o, İranın bir neçə hədəfinə qarşı cavab hücumlarını təxirə salıb. Lakin ABŞ xəbər mənbələrinin verdiyi məlumata görə, Tramp cümə axşamı həmçinin ABŞ Kibernetika Komandanlığının İranın kəşfiyyat qrupunun raketləri idarə edən kompüter sistemlərinə hücumunu təsdiqləyib.