Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Tehrana səfər edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Tehrana səfər edib.

İran prezidenti Yukiya Amano ilə görüşü zamanı deyib ki, agentlik nüvə razılığının şərtlərinin həyata tətbiqində ədalətli olmalıdır. Həsən Ruhani İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha təkrar edib.

"Agentlik tərəfindən son illər həyata keçirilən monitorinq və təftişlər İranın nüvə proqramının sülh mahiyyəti daşıdığını təsdiq edib"-deyə İranın dövlət başçısı bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi iyul ayında İranla əldə edilən nüvə razılığının şərtlərinin həyata tətbiqinə nəzarət edir.

Dünyanın 6 qüdrətli dövləti ilə əldə edilən bu razılıq İranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Eyni zamanda İranla agentlik İranın nüvə proqramının hərbi mahiyyəti barədə sualların cavablandırılması üçün də razılıq əldə edib.

İran uzun müddətdir proqramının tibbi araşdırmalar və elektrik enerjisi əldə edilməsi üçün inkişaf etdirildiyini iddia edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi dekabrın 15-dək yekun hesabatla çıxış etməlidir. Bu müddətdən sonra P5+1 qrupu ilə əldə edilən razılıqla bağlı proses başlayacaq.