İranda siyasi məhbus koronavirusa görə müvəqqəti azadlığa buraxılıb

Təbrizin Mərkəzi Həbsxanasında saxlanılan milli fəal Məhəmməd Əbdülməhəmmədzadə bir ay müddətində məzuniyyətə buraxılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanının Təbriz şəhərində yaşayan və eləcə də bu şəhərin həbsxanasında saxlanılan siyasi məhbus Məhəmməd Əbdülməhəmmədzadə koronavirusun İran həbsxanalarında təhlükəli bir durum yaratdığına görə girov qarşılığında müvəqqəti azad edilib.

Məhəmməd Əbdülməhəmmədzadə 2018-ci ilin oktyabr ayının 10-da İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, daha sonra məhkəməyə qədər girov müqabilində sərbəst buraxılmışdı.

Məhəmməd Əbdülməhəmmədzadə 2018-ci ilin dekabr ayında Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən "rəhbərliyə təhqir" və "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 27 ay həbs cəzasına məhkum edilmişdi.

Ötən ilin fevral ayının 2-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi ilkin məhkəmədə Məhəmməd Əbdülməhəmmədzadəyə qarşı çıxarılan hökmü qüvvədə saxlayıb.

Bu hökmə əsasən, milli fəal rəhbərliyi təhqir etdiyinə görə 15 ay müddətinə və müxalif qrupların lehinə İran İslam Respublikasına qarşı təbliğat aparmağa görə, bir il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu cəzaya İslam Cəza Məcəlləsinin 134-cü maddəsinin 3-cü qeydi də əlavə edilmişdi.

Məhəmməd Əbdülməhəmmədzadə bir daha keçən ilin noyabr ayında İranın müxtəlif vilayətlərində keçirilən kütləvi etirazlarla əlaqədar həbs olunmuşdu. O, 70 gün müddətində nəzarət altında sorğu-sual edildikdən sonra öncəki cəzasını çəkmək üçün Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.

Əldə olunan məlumata əsasən, koronavirus xəstəliyindən dolayı Təbriz həbsxanasında təhlükəli bir vəziyyət yaranıb. Həbsxananın yeni tədbirlərinə görə, saxlanılan məhbuslar girov qarşılığında məzuniyyətə buraxıla bilirlər, ancaq girovu olmayan məhbuslar bu təhlükəli vəziyyətdə qalmaq məcburiyyətindədir.