Avropa İttifaqı və Azərbaycan Lənkəran iqtisadi rayonunda regional inkişafa dəstək sazişi imzalayıb

Şahin Mustafayev və Kestutis Yankauskas

Avropa İttifaqı və Azərbaycan arasında “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb. Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas imzalayıb.

Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda (Bakıdan 272 kilometr cənub) meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.

Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir.

“Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42%, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5% təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 mlrd. dollara yaxın investisiya yatırıb”, o qeyd edib.

Avropa İttifaqının nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu deyib.

“Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlıq var. Azərbaycanda qeyri-neft sektorunun da geniş ixrac imkanları var”, o bildirib.