Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Sentyabrın 27-də Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Azərbaycan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IX Azərbaycan-Rusiya Regionlararası Forumu 2 gün davam edəcək. Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası, sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə əməkdaşlığa dair "dəyirmi masa"lar, plenar iclas keçiriləcək.

Rusiya nümayəndə heyəti, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələri ilə tanış olacaq.