İlham Şaban: Sanksiyalar Azərbaycanın qonşularla əlaqələrinə mənfi təsir edəcək [Video]

Your browser doesn’t support HTML5

Neft Araşdırmaları Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində İrana qarşı sanksiyaların regional və beynəlxalq təsirlərindən danışıb.

Amerikanın Səsi: İrana qarşı sanksiyaların genişləndirilməsinin dünya neft bazarına təsirləri nə olacaq?

Sanksiyanın qüvvəyə minməsi bu ilin noyabrında gündəmə gələcək. O zaman İaranın dünya bazarına çıxardığı neft təqribən 1 milyon barel azala bilər.

İlham Şaban: Təbii ki, təsirləri olacaq. Bundan öncəki sanksiyalar tətbiq edilən zaman dünya bazarına təsirləri olmuşdu. Beynəlxalq enerji mərkəzləri, agentliklər, o cümlədən maliyyə institutları artıq yeni sanksiyalarla bağlı müəyyən araşdırmalarını ortaya qoyurlar. Hal-hazırda neftin qiymətinin 75-80 dollar dəhlizinə çatması da məhz sanksiyalarla bağlı ortaya gələn münasibətlərdən doğur. Baxmayaraq ki, ABŞ administrasiyasının İrana qarşı sanksiyası imzalanıb, amma hazırda qüvvədə deyil. Sanksiyanın qüvvəyə minməsi bu ilin noyabrında gündəmə gələcək. O zaman İranın dünya bazarına çıxardığı neft təqribən 1 milyon barel azala bilər. Bəziləri gözləyir ki, azalma 500 min barel də ola bilər. Çünki sanksiyaların hansı müddəalarla, hansı şərtlərlə tətbiqi hələ dəqiqliklə bilinmir. Ancaq istənilən halda ABŞ-ın sanksiyaları İranda neft hasilatının azalmasına, o cümlədən də onların dünya bazarına çıxardığı neftin həcminin azalmasına gətirib çıxaracaq.

Amerikanın Səsi: Sanksiyaların icrası Xəzər regionunda birgə iqtisadi layihələrin gələcəyini sual altında qoya bilərmi?

İlham Şaban: Cənab Tramp sanksiyaları imzalayarkən onu belə adlandırmışdı, “iqtisadi sanksiyaların gücləndirilməsi”. Yəni, bu, əvvəlkindən daha sərt şərtlərlə gündəmə gəlməlidir. Təbii ki, əgər sanksiyalar daha sərt şərtlərlə tətbiq olunursa onun qonşularla əlaqələrinə, ticarət əlaqələrinə də təsirsiz ötüşməyə bilməz. Əgər biz əvvəlki sanksiyalar dövrünə nəzər yetirsək (söhbət 2011-2015-ci illər arasında olan dövr), mən İranın Azərbaycanla iqtisadi əlaqələrdə olan rəqəmi səsləndirmək istəyirəm. Əgər 2007-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi təqribən 570 milyon dollaradək yüksləmişdisə (bu pik həddir), sanksiyalardan sonra 2014-cü ildə bu, 120 milyon dollaradək azalmışdı. Məhz sanksiyaların təsiri nəticəsində ticarət əlaqələri zəifləmişdi.

Amerikanın Səsi: İrana qarşı sanksiyaların tətbiqinin Azərbaycan-İran iqtisadi əlaqələrinə hansı təsirləri olacaq?

Həm Rusiya sanksiya alıtndadır, həm İran sanksiya altındadır. Azərbaycan sadəcə bunları birləşdirən ortaq bir ölkədir.

İlham Şaban: Biz qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında həm prezidentlər səviyyəsində, həm hökumətlər arasında çoxsaylı görüşlər olub. Həm bizneslər arasında, həm dövlət səviyyəsində artan dinamikanı görürük. Ən böyük layihə dəmir yolu infrastruktur layihəsidir ki, Rəşt-Astara, şimal-cənub infrastruktur layihəsidir ki, Azərbaycan tərəfi bu layihəyə 500 milyon dollar yatırım etməyi öz üzərinə götürüb. Bu layihənin əsas məqsədi cənubla, yəni İranla Rusiya ərazisindən keçən infrastrukturu birləşdirməklə Avropaya çıxış əldə etməkdir. Həm Rusiya sanksiya altındadır, həm İran sanksiya altındadır. Azərbaycan sadəcə bunları birləşdirən ortaq bir ölkədir. Rusiyanın da Qərblə, o cümlədən ABŞ-la əlaqələri hazırda rəvan deyil, gərginləşməyə doğru gedir. Bu şəraitdə münasibətlərin hansı səpkidə inkişaf edəcəyini biz hələ ki, qeyd edə bilmərik. Bunun nəticəsi olaraq deyə də bilmərik ki, məhz bu layihəyə qarşı sanksiyalar tətbiq edilib, o layihələrin gerçəkləşməsi olmayacaq. Nəyə görə? Çünki birinci sanksiya Şahdəniz layihəsində İranın Dövlət Neft Şirkətinin iştirakına aid edilmədi. Çünki onun əlahiddə regional təsirlərini və əhəmiyyətini nəzərə alan ABŞ Konqresi İran şirkətinin bu layihədə iştirakına razılıq verdi. Ola bilsin ki, bu layihənin də Azərbaycan üçün xüsusi əhəmiyyətini nəzərə alıb sanksiyalardan kənarda qalsın.