“2,9 milyard dollar xaricdə yuyulan çirkli pulların 10 faizə qədərini təşkil edir” - müxtəlif mövqelər

Milli Şura mitinqində şüar

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlıaraşdırması sosial şəbəkələrdə, ölkədə ən çox müzakirə edilən məsələ olaraq qalmaqdadır.

Araşdırmada deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəət əldə etmək üçün istifadə edib.

2, 5 milyard avronun (2, 9 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.

Azərbaycanda ictimia-siyasi təşkilatlar, müxalif liderlər hüquq-mühafizə orqanlarından araşdırmada əksini tapan faktlara hüquqi qiymət verilməsini tələb edir.

Qubad İbadoğlu: Çirkli pulların yuyulması maliyyə cinayətləri arasında ən təhlükəlisi hesab olunur

Qubad İbadoğlu

İqtisad elmləri doktoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) rəhbəri Qubad İbadoğlu facebook səhifəsində araşdırma ilə bağlı aşağıdakı təhlili aparıb.

2,9 milyard dollar 1 il ərzində gizli iqtisadiyyatda qazanılan və xaricdə yuyulan çirkli pulların 10 faizə qədərini təşkil edir. Çünki, son hesablamalara görə, Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi ÜDM-in 67 faizini təşkil edir və qeyri-formal iqtisadiyyatda qazanılan pulların çox hissəsi məhz xaricdə, xüsusilə də ofşor zonalarda "yuyulur".

Miqyasına görə iri korrupsiya əməliyyatı, əhatə dairəsinə görə mütəşəkkil cinayət kateqoriyasına daxil olan çirkli pulların yuyulması maliyyə cinayətləri arasında ən ağırı və təhlükəlisi hesab olunur. Bu faktın xüsusilə də qlobal səviyyədə belə cinayətlərə qarşı birgə səylərin və təşəbbüslərin artdığı zamanda aşkarlanması ölkəmizin mövcud hakimiyyətin səbatsiz idarəçiliyi nəticəsində onsuz da azalan nüfuzunu daha da aşağı salır. Fikrimcə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk edəndən sonra şəffaflıq və hesabatlılığa sadiqliyini nümayiş etdirmək istəyində olan, eyni zamanda xarici sərmayələrin cəlb edilməsi üçün davamlı investisiya forumları təşkil edən və əlverişli biznes mühitinə dair siyasi bəyanatlar verən Azərbaycan hakimiyyətinə bundan böyük zərbə ola bilməz . Çünki, bütün dünyada anti- korrupsiya və şəffaflıq çağırışlarının artdığı zamanda, “Azərbaycan Laundromatı” adlı araşdırmada təsvir olunan çirkli pulların yuyulması üzrə gizli əməliyyatlar sahəsində korrupsiya əməllərində Azərbaycan hakimiyyətinin ali ranqlı məmurlarının adının hallanması, eləcə də cinayətin yalnız öz ölkəsi daxilində deyil, hətta bir neçə ölkənin sərhədlərini keçərək transmilli xarakter alması hələ uzun müddət gündəmdən çıxmayacaq. Belə ki, bu ağır cinayət əməlinə BMT-nin institutlarının, Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək çinli təmsilçiləri, Fransanı, Almaniyanı və İtaliyanı Avropada təmsil edən siyasətçilərin də cəlb olunması bu istiqamətdə müzakirələrin davamlı olacağına deməyə əsas verir. Azərbaycan hakimiyyətinə gəlincə, onun demək olar ki, bütün qollarının – prezident administrasiyasının, nazirlər kabinetinin və parlamentin təmsilçilərinin cinayət prosesində iştirakı bu mütəşəkkil cinayətkar şəbəkənin yüksək səviyyədə himayə olunduğunu deməyə əsas verir.

2,9 milyard dolları hazırkı məzənnə ilə manata çevirəndə 5 milyard manat edir ki, bu vəsat hesabına kateqoriyasından asılı olmayaraq bütün pensiyaçıların illik təqaüdlərinin 2 dəfə, dövlət sektorunda çalışan müəllimlərin əmək haqqını 3 dəfə, səhiyyə və sosial xidmət işçilərinin maaşlarını isə 10 dəfə artırmaq olardı. Bu vəsait ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların 90 faizini təşkil edir, eləcə də Gömrük Komitəsinin 2016-cı ildə dövlət büdcəsinə ödənişlərindən 2,2 dəfə çoxdur.

Qanunsuz yolla əldə olunan gəlirlərin leqallaşdırılması məqsədilə pulların xaricdə yuyulması ağır və xüsusilə təhlükəli cinayət hesab olunduğundan onunla bağlı araşdırmalar davam etdirilməli və bu cinayət əməlinin iştirakçıları sonadək ifşa olunaraq layiqli cəzalarını almalıdırlar. Yoxsa, bu fakt qlobal cinayət əməli kimi həm də xarici mətbuatın da gündəmində qalacaq və Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi üçün sərmayə cəlb edilməsi sahəsində ciddi baryerə çevriləcəkdir. Hətta, bundan sonra Azərbaycanda fəaliyyət göstərən, eyni zamanda Azərbaycan mənşəli şirkətlərlə əməkdaşlıq edən investorlar da bu çirkli pulların yuyulması cinayətində iştirak edən ölkədən uzaq durmağa və burdakı fəaliyyətlərini məhdudlaşdırmağa və yaxud da ona son qoymağa üstünlük verəcəkdir.

Bundan da ən çox itirən milli iqtisadiyyat və Azərbaycan vətəndaşları olacaq. Belə ki, 2,9 milyard dolları hazırkı məzənnə ilə manata çevirəndə 5 milyard manat edir ki, bu vəsat hesabına kateqoriyasından asılı olmayaraq bütün pensiyaçıların illik təqaüdlərinin 2 dəfə, dövlət sektorunda çalışan müəllimlərin əmək haqqını 3 dəfə, səhiyyə və sosial xidmət işçilərinin maaşlarını isə 10 dəfə artırmaq olardı.

Bu vəsait ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların 90 faizini təşkil edir, eləcə də Gömrük Komitəsinin 2016-cı ildə dövlət büdcəsinə ödənişlərindən 2,2 dəfə çoxdur.

Cəmil Həsənli: Rüşvət olaraq kimlərə verilib ölkədən çıxarılan milyardların tör-töküntüsü?

Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində bildirir ki, prezidentliyə namizəd olduğu 2103-cü ildə Mərkəzi Seçki Komissiyasından iqtidar partiyasının namizədi İlham Əliyev və ailə üzvlərinin gəlir bəyannaməsini elan etməsi barədə müraciət edib. Lakin, MSK onun müraciətini nəzərə almayıb.

“The Guardian”ın araşdırmasından məlum olur ki, təkcə həmin il Əliyevlər ölkədən bir əməliyyat üzrə 2,9 milyard dollar vəsait çıxarıblar. Bu vəsaitin kiçik bir hissəsi - 50 milyon dolları seçki saxtakarlığını ört-basdır edənlərə, Azərbaycanda siyasi məhbusların olmadığına lobbiçilik edənlərə xərclənib.

Bu vəsaitin kiçik bir hissəsi - 50 milyon dolları seçki saxtakarlığını ört-basdır edənlərə, Azərbaycanda siyasi məhbusların olmadığına lobbiçilik edənlərə xərclənib.

Hamı ölkədə istehsal axtarır. Sən demə bunlar əsas istehsal sahəsi kimi “pul yumaqla” məşğul imiş. Əyri yolla ölkədən oğurladıqları çirkli pulları yumaqla. Böyük Britaniyada, Estoniyada Avropanın çeşidli ölkələrində “yuyucu” sexlər açıblar, gecə gündüz oğurluq pulları yuyub “təmizə” çıxarırmışlar. Böyük Britaniyada qeydiyyatdan keçən və heç bir şəffaflığı olmayan 4 firma sən demə sərasər Əliyev ailəsinin ölkədən gizli yolla çıxardığı milyardları yuyub “təmizə” çıxarmaqla məşğul imiş. Buyurun bu da istehsal! Bu pullar, elə belə şeylərin hesabına çökdürülmüş Beynəlxalq Bank vasitəsi ilə ailəyə yaxınlığı ilə tanınan "Baktelekom MMC" tərəfindən göndərilib. Bunun bir qolu da şübhəsiz “Rabitə işinə” gedib çıxır.

Rüşvət olaraq kimlərə verilib ölkədən çıxarılan milyardların tör-töküntüsü? Azərbaycanda siyasi məhbus məsələsini Strasburqda önləmiş AŞ PA-nın keçmiş vitse-prezidenti Luka Valonteye, 2013-cü ilin saxta prezident seçkilərinin “Almaniyadakı seçkilərdən də yaxşı” keçdiyi haqqında rəy verən almaniyalı deputat Eduard Lintnerə. Hələ digərləri də çıxacaq. Sən demə YUNESKO-nun rəhbəri İrina Bokova da bu rəzalətin içində imiş. Onun həyat yoldaşının gizli hesablarına da Azərbaycan xalqından qəsb edilmiş bu milyardlardan pay düşüb. Və elə bu köçürmələrdən YUNESKO-nun, İrina xanım Bokovanın “xoş məramının” sirri açıldı”, Həsənli yazıb.

Arif Hacılı: 90-cı illərdə dövlət büdcəsi təqribən 2 mld. dollar idi

Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılıfacebook səhifəsində yazıb ki, "The Guardian" seçki saxtakarlıqlarının, Azərbaycan vətəndaşlarının hüquqlarının tapdalanmasının ört-basdır edilməsi və digər bu kimi məsələlərdə lobbiçilik fəaliyyətlərinin haqqının ödənilməsi üçün ölkədən çıxarılmış 2.9 mld. dollar vəsait barədə məlumat yayıb.

“Maliyyə vəsaitinin həcminin təsəvvür olunması üçün xatırladım ki, 90- cı illərdə Azərbaycanın illik dövlət büdcəsi təqribən 2 mld. dollar civarında idi.
Milyardlarla gəlirləri olan ölkədə xalqımızın ehtiyac içərisində yaşamasının, ərazilərimizin işğal altında qalmasının, təhsildə, səhiyyədə, sosial sahədə acınacaqlı vəziyyətin, saysız- hesabsız mühacirətlərin, intiharların səbəbi budur.

Bir tərəfdən yolsuzluq, korrupsiya siyasəti, saxtakarlıq, digər tərəfdən bu qanunsuz hərəkətləri ört-basdır etmək üçün xalqa məxsus olan milyardların havaya sovurulması”, Müsavat lideri qeyd edib.

Əli Kərimli: Utandırmaq sırası Keniyadan Özbəkistana keçdi

Əli Kərimli

ACXP sədri Əli Kərimli araşdırma ilə bağlı çoxsaylı məqalələr dərc edib. O facebook səhifəsindəki məqalələrinin birində yazır ki,

iqtidarın korrupsiya əməlləri bütün dünyada ölkəyə tənqidlər yaradıb.

Azərbaycan hakimiyyəti xariciləri, beynəlxalq aləmi özünün daha çox vətəndaşını həbs etməklə hədələdiyi bir vaxtda Özbəkistanın xarici işlər naziri dünyanın ən nüfuzlu hüquq müdafiə təşkilatlarından biri Human Rights Watch-un nümayəndə heyətini qəbul edib.

“99 il bundan qabaq Şərqin ilk demokratik cümhuriyyətini quran milləti utandırmaq sırası Keniyadan Özbəkistana keçdi. Belə tez yadınızdan çıxmaz, Keniyada prezident seçkiləri saxtalaşdırılanda müxalifət lideri demişdi ki, “belə saxtakarlıq ancaq Azərbaycanda ola bilərdi”. Adam haqlı çıxdı, onun ölkəsi belə irimiqyaslı saxtakarlığa imkan vermədi. Keniya Ali Məhkəməsi seçkini ləğv etdi. Biz də xeyli utandıq. İndi də Özbəkistan bizi utandırmaq fikrinə düşüb. Dünən ölkəmizin hökumət mediası (Rəsmi dövlət qəzetində qərbə meydan oxuyan redaksiya məqaləsi nəzərdə tutulur - red) öz aləmində Qərbə “xox” gəlib. Yazdıqlarının təqribi mənası budur ki, bizi ifşa etməyi dayandırın. Əgər dayandırmasanız, soxulacağıq Rusiyanın qoltuğuna, vətəndaş cəmiyyətini də indikindən artıq əzəcəyik, daha çox adam həbs edəcəyik. Taleyin ironiyasına baxın ki, Azərbaycan hakimiyyəti xariciləri, beynəlxalq aləmi özünün daha çox vətəndaşını həbs etməklə hədələdiyi bir vaxtda Özbəkistanın xarici işlər naziri dünyanın ən nüfuzlu hüquq müdafiə təşkilatlarından biri Human Rights Watch-un nümayəndə heyətini qəbul edib və Özbəkistanın bu tәşkilatla konstruktiv əməkdaşlığa hazır olduğunu bildirib”, Kərimli yazıb.

Öz növbəsində, rəsmi Bakı araşdırmada yazılanları təkzib edib.

Azər Qasımov: Məqalədəki “məlumatlar” absurd xarakter daşıyır

Azər Qasımov

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov yerli mediaya bildiriib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.

Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır.

“Bildiyiniz kimi, dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Haqqında sual ünvanladığınız məqalə də bu sıradandır. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır. Konkret mənim adıma gəldikdə, bu, tamamilə gülünc və qərəzli məlumatdır. Bir də ki, məqalənin müəlliflərinin birinin Dina Naqapetyan olduğunu nəzərə alsaq, məsələyə daha çox aydınlıq gətirilmiş olar. Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır”, mətbaut katibi qeyd edib.