Eyyub Hüseynov: Qida təhlükəsizliyi ciddi problem olaraq qalır [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Azad İstehlakçılar Birliyinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində qida təhlükəsizliyindən və istehlakçıların hüquqlarının qorunmasından danışıb.

Amerikanın Səsi: Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı istehlakçıların hüquqları necə qorunur? Qida məhsulları gigiyenik normalara cavab verirmi?

Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət olur.

Eyyub Hüseynov: Ümumilikdə götürsək ciddi problem yaşanır. Çünki ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət olur. Ümumilikdə tam təhlükəsiz qidadan söhbət gedə bilməz. Bunun bariz nümunəsindən biri insanların apteklərdə növbəyə durmasıdır. Dünyanın heç bir ölkəsində insanlar bu cür dərman üçün növbəyə durmur. Bu da o deməkdir ki, böyük Hippokratın dediyi kimi “biz nə yeyiriksə oyuq”. Təsadüfi deyil ki, bütün bu işlərdən narahatlıq keçirən ölkə prezidenti bu ilin fevralında ayrıca agentliyin (“Qida Təhlükəsizliyi Agentliyi”-red) yaradılması barədə fərman imzalyıb. Bu bir daha onu göstərir ki, bu sahədə ciddi problemlər var.

Gündəlik eşidirik ki, murdar olmuş heyvanların ətini satırlar, təhlükəli mallar satırlar, zəhərlənmələr və sair. Qida təhlükəsizliyi və yaxud qidanın təhlükəsizliyi məsələsi Azərbaycanda ciddi problem olaraq yaşanır.

Amerikanın Səsi: Azərbaycan vətəndaşlarının keyfiyyətli dəniz məhsullarına əl çatımlılığı nə qədər təmin edilib? Mağazalarda qara kürü, Xəzər balıqlarının geniş çeşidi hansı səbəbdən istehlakçılara təklif edilmir?

İxtisaslaşdırılmış xüsusi mağazalarda qara kürü ilə yanaşı, süni kürü də satılır

Eyyub Hüseynov: Bu sualın cavabı üçün Bakıda “Təzə bazar”a baş çəkmık lazımdıp. Orada görərik ki, Xəzərdən qeyri-qanuni yolla tutulmuş bir çox balıq növlərinin müxtəlif çeşidləri təklif edilir. Hansı ki, bu cür malların satışı qadağandır. Lakin ixtisaslaşdırılmış xüsusi mağazalarda qara kürü ilə yanaşı, süni kürü də satılır. Əlbəttə, insanların qara kürü almağa əl çatarlılığı yoxdur. Yəni maddi nöqteyi-nəzrdən insanlar üçün əl çatarlı deyil. Ona görə də Eyyub Hüseynov (özünü nəzərdə tutur-red) 20 ilə yaxındır ki, qara kürüdən məhrumdur, yemir, çünki əl çatarlılığı yoxdur.

Amerikanın Səsi: Qara kürünün qiymətləri təxminən nə qədərdir?

Azərbaycanda istehsal olunmuş qara kürünün 1 kiloqramının qiyməti təxminən 1500 manatdan bir az yuxarıdır.

Eyyub Hüseynov: Azərbaycanda istehsal olunmuş qara kürünün 1 kiloqramının qiyməti təxminən 1500 manatdan bir az yuxarıdır. Qiyməti çox bahadır və onu da qeyd edim ki, Azərbaycanda süni kürü də satılır. Bu, qanuni, müəyyən standartlara cavab verən, lakin qara kürü ilə heç bir əlaqəsi olmayan, arzuolunmaz bir kürüdür. Təəssüflər olsun ki, bu cür kürülər bizə Həştərxandan da idxal olunur. Azərbaycanı kürü ölkəsi kimi tanıyan xaricilər bu cür süni kürüləri alır, hansı ki, onlar natural kürü deyil. Azad İstehlakçılar Birliyi Azərbaycanda istehsal olunan süni kürülərin etiketindən nərə balığı şəkilinin yığışdırılmasına nail olub.

Amerikanın Səsi: Nərə balıqlarının çeşidləri üzrə qiymətləri necədir?

Xəzər ətrafında olan bir şəhər olasan və balıq bu qədər defisit ola, belə baha ola.

Eyyub Hüseynov: Bəli, bu da adi, mənim kimi istehlakçı üçün əl yetərli deyil. Nərə balıqlarının ixtisasladırılmış dükanlarda qiyməti 50 manat ətrafındadır. Lakin qeyri-qanuni tutulan nərə balıqları da satılır. Onun da qiyməti heç də aşağı deyil. 1 kiloqramı 40 manat ətrafında satılır. Üstəlik antisanitar şəraitdə satırlar. Qiymətlər çox yuxarıdır və əhalidən hər həftə bir-iki telefon zəngləri gəlir. Xəzər ətrafında olan bir şəhər olasan və balıq bu qədər defisit (qıt-red) ola, belə baha ola, bu narazılıqları ifadə edən telefon zəngləri gəlir.

Amerikanın Səsi: Xarici ölkələrdən idxal edilən qida məhsullarının keyfiyyəti gigiyenik normalara cavab verirmi?

Paradoksdur, dövlətin bir orqanı yoxlayır hər şeyə “okey” deyir, digəri daxili bazarda yoxlayır vəziyyət pis olur.

Eyyub Hüseynov: Bəli, bir çox xarici ölkələrdən idxal olunan mallarda təhlükəlilik var. Elə bu günlərdə, bizim ofisə Ukraynadan idxal olunan “Qualiko” toyuqları (Binskiy vilayəti) ilə bağlı materiallar daxil olub. Dövlətin bir neçə orqanı buna sertifikat verib, qanuniləşdirib, daxili bazara buraxıb. Lakin bizim əlimizdə olan rəsmi məlumatlara görə, İqtisadiyyat Nazirliyi ayrıca ekspertiza keçirib. Məlum olub ki, Ukraynadan idxal olunan bu toyuqların içərisində baytarlıq dərmanının qalıqları normadan çox artıqdır, naməlim mayelər var. Məsələni araşdırmaq üçün adını çəkdiyim dövlət orqanı Baş Prokurorluğa rəsmi müraciət edib. Paradoksdur, dövlətin bir orqanı yoxlayır hər şeyə “okey” deyir, digəri daxili bazarda yoxlayır vəziyyət pis olur. Təəssüflər olsun ki, xüsusən xarici ölkələrdən gətirilən bu kimi mallar var. Əlbəttə, pestisitlərlə, nitritlərlə zəhərlənmiş mallar da istisna deyil. Bura genetik modifikasiya olunmuş malları da əlavə etmək olar. Çox təəssüf ki, öncə dediyimiz kimi qida təhlükəsizliyi haqqında qanun olmadığı bir şəraitdən biznes qurumları istifadə edir və ölkənin əmtəə bazarına külli miqdarda təhlükəli mallar idxal olunur.

Amerikanın Səsi: “Tarladan süfrəyədək” prinsipi əsasında məhsulun risk səviyyəsinə uyğun olaraq dövlət nəzarətinin həyata keçirilməsi təmin edilirmi?

Bu qara kürüdür, balıq və balıq məhsullarıdır, bir də ləpələr, - fındıq və qoz ləpələridir. Bu iki növ məhsullar artıq xarici bazara çıxarmaq üçün uyğunlaşdırılıb. Lakin həmin məhsullar Azərbaycanın daxili bazarında əlbəttə, öz təhlükəli parametrləri ilə satılır.

Eyyub Hüseynov: Buna "haps" sistemi deyirlər (Tarladan istehlakçının stolunun üstünə qədər izlənmə sistemi). Ölkə prezidentinin bu ilin fevralında imzaladığı sərəncamda bu məsələyə ayrıca toxunulub. Yəni, məhsul tarladan istehlakçının stolunun üstünə gələnədək müəyyən risk nöqtələrindən keçir. Buna qida zənciri deyirlər. Məşhur söz var: zəncirin möhkəmliyi onun halqasındən asılıdır. Qida da istehlakçının stolunun üstünə gələnədək müəyyən halqalardan, risk nöqtələrindən keçir, - əkilməsi, pestisitlərin, nitritlərin verilməsi, daşınması, satılması və sair. Təəssüflər olsun ki, bu sahədə ciddi problemlər var. Öncə dediyim kimi ölkə prezidentinin fərmanında məsələ ayrıca işıqlandırılıb. Hamımıza məlumdur ki, beş il öncə Avropaya göndərilən Azərbaycanın fındıq məhsulları geri qaytarıldı. Çünki orada oflotoksin göbələklər müəyyən olundu. Avropa İttifaqının layihələri çərçivəsində Azərbaycanda ciddi iş aparıldı. Təxminən iki məhsul “hats” sisteminə uyğunlaşdırılıb. Bu qara kürüdür, balıq və balıq məhsullarıdır, bir də ləpələr, - fındıq və qoz ləpələridir. Bu iki növ məhsullar artıq xarici bazara çıxarmaq üçün uyğunlaşdırılıb. Lakin həmin məhsullar Azərbaycanın daxili bazarında əlbəttə, öz təhlükəli parametrləri ilə satılır. Yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinin qarşısına bu məsələnin həlli ciddi qoyulub. Məhsul tarladan istehlakçının stolunun üstünə qədər izlənməsi sisteminə məruz qalsın və risk nöqtələri, zəncirin risk halqaları qiymətləndirilısin və risklər aradan götürülsün. Təəssüf ki, probeləm hələ yaşanır.