Azərbaycan və Gürcüstanda içkilərin ixrac statistikası – ekspert şərhi

İdxal-ixrac

Azərbaycan hökuməti müxtəlif sahələr üzrə proqramlar çap edir, amma həmin sahələr inkişaf etmir. Bu barədə iqtisadçı Natiq Cəfərli facebook səhifəsində yazıb.

Onun fikrincə, hökumət hər sahədə dövlətin əsas oyunçu olmasını, hər şeyin dövlət nəzarətində qalmasını istəyir, təşviqin nə mahiyyətini, nə də normal tədbiqini bilir.

Ekspert fikrini izah etmək məqsədi ilə 2017-ci ilin 6 ayı ərzində Gürcüstan və Azərbaycanın spirtli və spirtsiz içkilərinin ixracı ilə bağlı rəqədmləri diqqətə çatdırıb.

O hesab edir ki, fikrini rəsmi rəqəmlərlə sübut etmək çox asandır:

“Bu ilin ilk 6 ayı ərzində Azərbaycan dünyanın 17 ölkəsinə cəmi 11 mln. dollarlıq mineral su, şərab, şirə, digər spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlətin iqtisadiyyatda birbaşa iştirakı minimum olan, ədalətli və rəqabətli iqtisadi model quran, dövlət təşviqini ağılla həyata keçirən Gürcüstanın rəsmi rəqəmlərinə baxaq:

- Dünyanın 44 ölkəsinə 32 mln. 0,75 litrlik şüşələrdə şərab – dəyəri 71 mln. dollar, keçən ilin ilk 6 ayı ilə müqaisədə artım 15% təşkil edib;
- Dünyanın 17 ölkəsinə 6,8 mln. 0,50 litrlik qablarda brendi – 16 mln. dollar, keçən ilin eyni dövrü ilə müqaisədə 88% artım;
- Dünyanın 24 ölkəsinə 16,7 mln. ədəd şüşə cecə arağı, konyak – dəyəri 35 mln. dollar, keçən ilin ilk 6 ayı ilə müqaisədə 52% artım;
- Mineral sularun ixracı ilk 5 ayda, keçən ilin ilk 5 ayına nisbətən 19% artaraq 48,5 mln. ton olub, dəyəri – 29 mln. dollar, aya 5,8 mln. dollar düşdüyünü nəzərə alsaq, yuxarıdakı spirtli içkilərdə hesablamalar ilk 6 ay olduğuna görə, mineral sularda da ilk 6 ay ixracat dəyəri 34-35 mln. dollar olduğu üzə çıxır.

Bir sözlə, Gürcüstanın spirtli və spirtsiz içkilərin ixracatı bu ilin ilk 6 ayında 171 mln. dollar təşkil edib”.

Cəfərli bir daha xatırladır ki, Azərbaycanda bu sahələrdə ixracat cəmi 11 mln. dollardır, yəni, “bir əyalətimiz boyda” olan Gürcüstan eyni məsələdə bizi 160 mln. dollar qabaqlayır".

Ekpsert yazır ki, Gürcüstanda nə şərabçılığa, nə mineral sulara dövlət dəstəyi proqramı yoxdur.

“Gürcüstanda prezident nə şərabçılığa qayğı göstərir, nə fermerlər TV-lərdə hökumətə tərif yağdırır - tam biznes təfəkkürü, rəqabət şəraitində orqanik inkişaf gedir, bizneslə, mülkiyyətlə bağlı bütün problemli məsələləri hakimi-mütləqlər deyil, azad məhkəmələrdə ədalətli hakimlər həll edir".

“Bu ilin ilk 6 ayı ərzində Gürcüstan Azərbaycana 250 min dollarlıq mineral su, 87412 şüşə şərab ixrac edib, bizə şərab ixracı keçən ilin 6 ayına nisbətən 200% artıb”, ekspert fikirni tamamlayıb.