Bakıda İranla əməkdaşlıq üzrə Dövlət Komissiyasının XI iclası keçirilib

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası

Dekabrın 27-də Bakıda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası keçirilib. Komissiyanın işində İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan tərəfi Azərbaycanla İranı birləşdirən dəmir yolunun tikintisi üzrə böyük işlər görüb, İmişli-Parsabad elektrik ötürücü xətti istifadəyə verilib. Neftçala Sənaye Məhəlləsində birgə avtomobil zavodunun, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi aparılır.

İqtisadiyyat naziri qeyd edib ki, yanvarın əvvəlində Azərbaycan biznesmenləri Təbriz və Ərdəbilə gedəcək.

Azərbaycanda İran kapitalının iştirakı olan 400-dək şirkət fəaliyyət göstərir. Onlar iqtisadiyyata 2,5 mlrd dollar vəsait qoyub. İlin 11 ayında Azərbaycanla İran arasında əmtəə dövriyyəsi 60% artıb.

İlham Əliyevlə və Mahmud Vaezi

“Hökumət nümayəndə heyətini İrandan 130 biznesmen müşayiət edir. Dövlət Komissiyasının iclası çərçivəsində biznes forum da keçirilib”.

Bu barədə isə prezident İlham Əliyevlə görüşdə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, birgə iqtisadi komissiyanın həmsədri Mahmud Vaezi bildirib.

Prezidentin saytı məlumat verir ki, İ.Əliyev qeyd edib ki, 2016-cı il Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutur.

İ.Əliyev dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirib.

M.Vaezi Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət mübadiləsinin artımı, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Neftçalada avtomobil zavodunun inşasının uğurla davam etdiyi bildirilib.

Yaxın vaxtlarda Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasimi keçiriləcək.

Söhbət zamanı Azərbaycan-İran biznes-forumunun önəmi vurğulanıb.