Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilənlər şəxslər – hökmə əsasən, Bakı Fındıq Zavodunun direktoru işləmiş, hazırda zamində olan Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialının direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev və bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.