Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 29-da keçirdiyi hərracında 23 banka 60 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fevralın 26-də keçirilən hərracda kommersiya banklarının valyutaya tələbatı 243 mln. dollar olsa da, Mərkəzi Bank bunun yalnız 20,6%-ni (50 mln. dollar) təmin edib. Beləliklə, fevralın 29-na dolların rəsmi məzənnəsi 1,5655 AZN/USD müəyyən edilib ki, bu da gündəlik 0,20% artım deməkdir. Fevralın 26-də isə rəsmi məzənnə 1,5624 AZN/USD olub.
Öz növbəsində Report agentliyinin qrupu bildirir ki, bankların dollara olan tələbatının yüksək olmasına baxmayaraq, AMB fevralın 29-da hərracda satdığı 60 mln. dollar faktiki olaraq real tələbatı 28% səviyyəsində təmin edib.
Agentlik AMB-nin artıq yumşaq devalvasiya siyasətinə başladığını qeyd edir və martın 1-nə məzənnənin əvvəlki günlərdə olduğu kimi təxminən 0,2-0,3% artaraq 1,5690-1,5700 AZN/USD olacağını proqnozlaşdırır.
İqtisadçı ekspert Samir Əliyev isə Facebook ssəhifəsində yazır ki, Mərkəzi Bankın fevral ayı üzrə valyuta ehtiyatında təxminən 370 milyon dollara yaxın azalma olacaq və valyuta ehtiyatları təxminən 4 milyard dollara yaxınlaşacaq.
“Mərkəzi Bankın son günlər hərraca tələbdən az dollar çıxarmasının da səbəbi budur ki, valyuta ehtiyatları psixoloji həddən - 4 milyard dollardan aşağı düşməsin. MB-nin valyuta satışını azaltması fonunda bankların tələbində artım müşahidə edilir”, ekspert qeyd edir.