Samir Əliyev: Qeyri-neft sektorunda ciddi investisiya gözlənilmir [Video]

Your browser doesn’t support HTML5

İqtisadi Təşəbbüsiərə Yarım İctimai Birliyinin eksperti Amerikanın Səsinə müsahibəsində bank-maliyyə sektorunda durumdan danışıb

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanın maliyyə-bank sistemində mövcud durum, beynəlxalq maliyyə qurumlarının kredit şərtləri, iqtisadi-maliyyə böhranından çıxmağın yollarından danışıb.

Amerikanın Səsi: Azərbaycanın maliyyə-bank sisteminin iqtisadi-sosial inkişafa təkan verməsi üçün hansı addımlar atılmalıdır?

Samir Əliyev: Düşünürəm ki, bank sektorunun ölkə iqtisadiyyatının kreditləşməsi artmalıdır. Hansı ki, əks prosesləri müşahidə edirik. Kredit qoyuluşu azalır. Bankların ölkə iqtisadiyyatında rolu getdikcə azalır. Ona görə, hökumət banklara dəstək verməlidir, onların toksik aktivlərinin sağlamlaşdırılmasına dəstək verməlidir. Eyni zamanda, banklar da öz növbəsində kreditləşməni həyata keçirməlidir, xüsusilə də real sektora ucuz və uzunmüddətli, əlverişli şərtlərlə kredit verməlidir ki, onun da təsiri nəticəsində iqtisadi aktivlik artsın.

Amerikanın Səsi: İndi kreditlər verirlərmi?

Samir Əliyev: İndi çox təəssüf ki, kredit qoyuluşu getdikcə azalmaqdadır. Daha çox xarici valyutada kreditlər verilir. Ancaq xarici valyuta ilə kredit götürmək sahibkarlara sərf etmir. Əsas səbəb də manatın məzənnəsinin qeyri-sabit olmasıdır. Ölkə iqtisadiyyatının manat kreditinə ehtiyacı var. Əgər, banklar yaxın müddətdə manat kreditləşməsini bərpa etməsə, həm ölkə iqtisadiyyatında aktivlik kəskin aşağı düşəcək, həm də bankların özünün gəlirləri kəskin azalacaq.

Amerikanın Səsi: Son günlər Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan rəsmiləri ilə müzakirələr aparır. Müzakirələrin əsas mövzusu nədir?

Samir Əliyev: Müzakirələrin əsas mövzusu təbii ki, Azərbaycanın beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almasıdır. Uzun müddət Azərbaycan neftin, xüsusilə də baha olduğu bir dövrdə bu qurumlardan hər hansı maliyyə dəstəyi almırdı və ən yaxşı halda kommersiya, infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı kreditlər alırdı. Ancaq indi istər Beynəlxalq Valyuta Fondu, istər Dünya Bankı, istərsə də digər beynəlxalq təşkilatlar Azərbaycanda struktur islahatlarının aparılması, büdcə konsolidasiyası, eyni zamanda, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində şərtlər irəli sürürlər. Son danışıqların nəticəsi, tendensiyası, intensivliyi onu göstərir ki, hökumət bu şərtləri hansısa şəkildə qəbul etmək niyyətindədir.

Amerikanın Səsi: Sizcə, beynəlxalq maliyyə qurumları Azərbaycan iqtisadiyyatına, beynəlxalq layihələrə hansı şərtlər daxilində kreditlər yönəldə bilər?

Samir Əliyev: Beynəlxalq təşkilatlar kredit verən zaman, maliyyə dəstəyi göstərən zaman əsas vurğuladıqları məsələ ölkədə investisiya mühitinin yaxşı olması, dövlət xərcləmələrində şəffaflığın olması və eyni zamanda qanunların yaxşı işləməsidir. Xüsusən də mülkiyyət hüquqlarının qorunması kimi tələblər irəli sürürlər. Ölkənin kredit reytinqinin də yüksək olması vacibdir. Yəni, bu məsələlər nəzərə alındıqdan sonra beynəlxalq təşkilatlar danışıqlar əsasında müəyyən bir maliyyə yardımı edirlər.

Amerikanın Səsi: Beynəlxalq insan haqları qurumları Azərbaycana kreditlərin demokratiya və insan hüquqlarının qorunması şəraitində verilməsi ilə bağlı bəyanatla çıxış edib. Bu danışıqlarda nə dərəcədə realdır?

Samir Əliyev: Təbii ki, beynəlxalq təşkilatlar, xüsusilə də maliyyə təşkilatları insan hüquqlarına müəyyən qədər önəm versə də, amma bu, qərarların qəbulunda çox təəssüf ki, həlledici rol oynamır. Çünki burada sırf kommersiya maraqlarından çıxış edirlər. Xüsusən də Dünya Bankını, Beynəlxalq Valyuta Fondunu göstərmək olar ki, onların əsas yanaşması struktur islahatlarının aparılmasıdır. Yəni, iqtisadi islahatların aparılmasındadır. Bəzi təşkilatlar insan haqlarının əsas kimi götürülməsini vurğulayır. Azərbaycan da bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Mədən Sənayesində Şəffaflıq Koalisiyasının üzvüdür. Bu gün Azərbaycanın bu təşkilatda statusu dondurulub. Gözlənilir ki, koalisiyadan çıxarılarsa, bu zaman kredit reytinqi aşağı düşəcək. Bu halda beynəlxalq təşkilatlar insan haqları kontekstindən çıxış edərək kredit vermək imkanlarını məhdudlaşdıra bilər.

Amerikanın Səsi: Azərbaycan qanunvericiliyi və mövcud reallıqlar xarici investisiyaların cəlb edilməsi üçün bəs edirmi?

Samir Əliyev: İstənilən ölkədə investisiya cəlb edilməsinin əsas vacib şərti məhkəmə sisteminin müstəqil olması, mülkiyyət hüquqlarının qorunması və iqtisadi sabitlikdir. Azərbaycanda çox təəssüf ki, bunların ikisi yoxdur, üçüncüsün isə neftin qiymətlərinin düşməsi fonunda nisbi olduğu ortaya çıxdı. Bu baxımdan, bu məsələlər həllini tapmayınca, eyni zamanda qanunvericilik bazası təkmilləşdirilməyincə, yəni sabitlik olmayınca düşünürəm ki, Azərbaycanda investisiyaların cəlbi ən yaxşı halda neft-qaz sektoru üzrə olacaq. Yəni neftdən kənar sektor üzrə investisiya cəlbi ilə bağlı ciddi bir irəliləyiş gözlənilmir.