Bakı hava limanında Azad İqtisadi Zona yaradılacaq

Bakı hava limanı

Bakıdakı Beynəlxalq Hava Limanında Azad İqtisadi Zona yaradılacağı bildirilir.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov oktyabrın 10-da Bakıda keçirilən Caspian Air Cargo Summit 2017 VII Beynəlxalq konfransında çıxışında bildirib.

C.Əsgərov deyib ki, layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Hazırda onun icrası ilə bağlı tədbirlər planı hazırlanır.

O həmçinin AZAL-ın öz təyyarə parkını genişləndirməkdə olduğunu, hazırda 4 ədəd "Boeing 787 Dreamliner" və 2 ədəd "Boeing 747-8 F" tipli təyyarələrin alınması üzrə hazırlıq işlərinin aparıldığını qeyd edib.

Təyyarələrin alınmasına dair müqavilələrin bu ilin sonuna kimi imzalanacağı planlaşdırılır.

Qeyd edək ki, VII Beynəlxalq "Caspian Air Cargo Summit 2017" konfransında dünyanın məşhur şirkətlərinin rəhbərləri və əsas menecerləri iştirak edib.

Onlar yükdaşıma sahəsinin inkişafı yollarını və yükdaşımalar bazarının ən perspektivli sahələrin müəyyən edilməsini müzakirə edirlər.