Həbsdəki MTN generallarıyla bağlı cinayət işində zərərçəkənlərdən bir neçəsi Bakıda telefon, kompüter və başqa texniki avadanlıqların satışıyla məşğul olan "Star GSM" mağazasının əməkdaşlarıdır. Cinayət işinin materiallarında Bəxtiyar Musayev mağazanı işlədən sahibkar, MTN əməkdaşlarının tutub nazirliyə apardığı Gəray Mantaşov, Tural Qafarov və Elnur Abbasov isə orada çalışan sıravi işçilər kimi təqdim olunub. İttihama əsasən, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polkovnik Füzuli Əliyev və tabeliyində olan işçilər mağazaya basqın edib, oradan 5-6 noutbuk, planşet, kassada və seyfdəki 80 min dollar, 20 min manat pulu da götürüb çıxıb gediblər.
Kompüterimdə Elnurun telefonu ilə Skype-la Natiq Alıyevlə danışdım. Mənə hədə-qorxu gəlib, işçilərimin tutulması faktı ilə bağlı cinayət işi qaldırılacağını dedi. Götürülən malların və pulların qaytarılması şərtiylə, 100 min manat istədi.Bəxtiyar Musayev
Zərərçəkən Bəxtiyar Musayevin dediyinə görə, MTN-ə aparılan işçilərindən Elnur Abbasov ona zəng edərək nazirliyin əməkdaşlarından birinin danışmaq istədiyini deyib.
"Kompüterimdə Elnurun telefonu ilə Skype-la Natiq Alıyevlə danışdım. Mənə hədə-qorxu gəlib, işçilərimin tutulması faktı ilə bağlı cinayət işi qaldırılacağını dedi. Götürülən malların və pulların qaytarılması şərtiylə, 100 min manat istədi. Məbləğin endirilməsini xahiş etsəm də, nəzərə almadı", – Bəxtiyar Musayev belə deyib.
Əlavə edib ki, ondan tələb olunan pulu dostu Rəşad İsmayılovun vasitəsilə MTN-ə göndərib, bundan sonra ondan da, əməkdaşlarından da əl çəkiblər. Mağazadan götürülən başqa əşyaları qaytarsalar da, 50 ədəd "iPhone 6" markalı telefonlar onlarda qalıb.
Həbsdə olan sabiq MTN-çilərin, o cümlədən bu hadisədə adı hallanan Füzuli Əliyevin, Natiq Alıyevin, onlara rəhbərlik etmiş, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Sübahir Qurbanovun vəkilləri isə deyir ki, həmin iPhone-lar ölkəyə qaçaqmal yolu ilə gətirilmişdi. Bu barədə MTN-ə xəbər veriləndə əməliyyat hazırlanıb, bir qadın şərti alıcı kimi, onlarla bazar qiymətindən xeyli ucuz 50 ədəd telefonu almaq barədə razılaşıb. Görüşüb telefonları alanda da əməliyyat keçirilib, "Star GSM"in işçiləri saxlanılaraq araşdırma üçün nazirliyə aparılıb.
"Cinayət olubsa, niyə vaxtında araşdırılmayıb?"
Həmin vaxt vəkil tutulub. Ərəstun Ağayev adlı həmin vəkil də Baş Prokurorluğa müraciət edərək mağazanın işçilərinin MTN-ə aparıldığını deyib, onlar haqda məlumat almaq istəyib. Zərərçəkən Bəxtiyar Musayev də bu barədə ifadəsində danışıb. Onun sözlərinə görə, bir gün sonra Baş Prokurorluqdan cavab gəlib ki, işçilərinin MTN-də saxlanılması təsdiq olunmayıb.
Vəkillər deyir ki, indi prokurorluq MTN əməkdaşlarını həmin vaxt "Star GSM" mağazasının işçilərini qanunsuz saxlayıb onlardan hədə-qorxu ilə pul almaqda ittiham edir. Bəs niyə hadisə vaxtı Baş Prokurorluğa bu barədə şikayət olunanda onlara fərqli cavab verilmişdi?
"Bu işə birinci instansiya məhkəməsində baxılanda prokurorluq iddia edirdi ki, zərərçəkənlər vaxtilə qorxudan şikayət eləməyib, guya prokurorluğun da bu işlərdən ümumiyyətlə, xəbəri olmayıb. Bu hadisə barədə onu demək mümkün deyil, axı. Bu işdə dərhal prokurorluğa xəbər verilib, onlar da cavab verib ki, 'heç bir pozuntu yoxdur, əməliyyat tədbiri keçirilib, adamların izahatları alınıb buraxılıb'. Yəni heç bir cinayət baş verməyib. İndi isə deyirlər ki, yox, cinayət olub. Olubsa, niyə vaxtında araşdırılmayıb? Deməli, prokurorluq da məsuliyyət daşıyır", - təqsirləndirilən general Sübahir Qurbanovun vəkili Adil İsmayılov noyabrın 29-da məhkəmədə bildirib.
Bu işdə dərhal prokurorluğa xəbər verilib, onlar da cavab verib ki, 'heç bir pozuntu yoxdur, əməliyyat tədbiri keçirilib, adamların izahatları alınıb buraxılıb'. Yəni heç bir cinayət baş verməyib. İndi isə deyirlər ki, yox, cinayət olub. Olubsa, niyə vaxtında araşdırılmayıb? Deməli, prokurorluq da məsuliyyət daşıyır.Adil İsmayılov
Füzuli Əliyevin vəkili İqbal Həsənov deyir ki, cinayət işində zərərçəkən Bəxtiyar Musayev mağazanı işlədən sahibkar kimi təqdim olunsa da, əslində, satıcı olub. Vəkilin sözlərinə görə, 'Star GSM"-in əməkdaşlarıyla bağlı əməliyyatda MTN-in başqa əməkdaşları da iştirak edib, amma prokurorluq onları ümumiyyətlə, istintaqdan kənarda saxlayıb: "Bu əməliyyat Saleh Mustafayev adlı əməkdaşın təşəbbüsü ilə hazırlanıb, tədbiri də o keçirib. Mən demirəm ki, niyə başqalarını tutmayıblar. Amma bu adamı heç şahid qismində də dindirməyiblər".
Bakı Hərbi Məhkəməsinin hökmündən narazı qalan MTN əməkdaşlarının şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Məhkəmə dekabrın 6-da davam edəcək.
2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.
Generallardan Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Əməliyyat-Texniki İdarəyə başçılıq etmiş Natəvan Mürvətovanın da daxil olduğu 10 nəfərlik qrupun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu qrupdakılardan general S.Qurbanov və onun müavini olmuş F.Əliyevin hər biri 14 il, Teymur Quliyev 12 il, Z. Məmmədov və Natiq Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.
Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general Natəvan Mürvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş Fərhad Atayev və Elşad Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.
Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlaklarının müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.
Azadlıqdan məhrumetmə cəzası alanlardan Anar Şirəliyev və Eşqin Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.
Natəvan Mürvətova və Elşad Əzizov hökmdən şikayət verməyib. Eşqin Əliyev isə artıq azadlığa çıxdığına görə şikayətini geri götürüb.
Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.