İnzibati həbsin maksimum müddəti artırıldı

Milli Məclis

Nəqliyyat vasitələti ilə qaydaları pozma, döymə, xırda talama və başqa xətalarla bağlı cəzalar iki ay həbsədək artırılıb
“Media Forum” saytının məlumatına görə, Milli Məclis mayın 14-də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Məcəllənin 38.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək (hazırda on beş günədək nəzərdə tutulub) müddətə inzibati həbs tətbiq olunacaq.

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə əlli manatdan səksən manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə bir ayadək (hazırda on beş günədək) müddətə inzibati həbs tətbiq ediləcək.

Dəyişikliyə əsasən, avtoxuliqanlığa görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq olunacaq.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək (hazırda on gündən on beş günədək) inzibati həbs tətbiq ediləcək.

Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat miqdarında cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək (hazırda on beş günədək) inzibati həbs tətbiq olunacaq.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə il ərzində inzibati həbs almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək (hazırda 10 günədək) inzibati həbs tətbiq olunacaq.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək (hazırda 15 günədək) inzibati həbs tətbiq olunur.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək (hazırda beş günədək) inzibati həbs tətbiq olunacaq. Həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə yeddi yüz manat miqdarında cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq ediləcək.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat miqdarında cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək (hazırda on beş günədək) inzibati həbs tətbiq olunacaq.