İntiqam Əliyev çətin hərəkət edir

Vəkil Cavad Cavadov mayın 22-də Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi İntiqam Əliyevə baş çəkib.

O, Amerikanın Səsinə bildirib ki, İntiqam Əliyevin ciddi tibbi müayinəyə və müalicəyə ehtiyacı var.

“Bir həftə əvvəl kürəyində güclü ağrılar olması ilə əlaqədar mən İntiqam Əliyevlə görüşə bilməmişdim. Bu gün İntiqam Əliyev görüşə gəlib. Amma o çox çətin hərəkət edirdi”, deyə Cavadov bildirib.

İntiqam Əliyev qeyd edib ki, güclü ağrılarla əlaqədar o, uzun müddət faktiki olaraq hərəkət edə bilməyib.

Bu zaman istintaq təcridxanasında ona ciddi tibbi yardım göstərilmir. Orada İntiqam Əliyevə yalnız ağrıkəsici dərmanlar verməklə kifayətlənirlər, onlar isə ağrını aradan qaldırmır, yalnız müvəqqəti olaraq azaldır.

“İntiqam Əliyevin ciddi qulluğa və müalicəyə ehtiyacı var. Onun kürəyində həbsindən əvvəl də ağrılar var idi, amma həmin vaxt o, fizioterapiya seansları qəbul edirdi. İstintaq təcridxanasında bunun üçün şərait yoxdur. İntiqam Əliyevin hətta rentgen müayinəsini həyata keçirməyiblər. İstintaq təcridxanasında az hərəkətli vəziyyət, görünür, xəstəliyin güclənməsinə səbəb olub”, deyə Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri İntiqam Əliyevə baş çəkiblər və o, onlara öz vəziyyəti haqqında məlumat verib.

Vəkilin müvafiq orqanlara müraciətlərinə isə heç bir cavab yoxdur.

Bununla belə, Cavad Cavadov qeyd edib ki, İntiqam Əliyevin saxlanma şəraitindən şikayəti artıq Avropa İnsan Hüquqları Məhkəməsinin kommunikasiyasındadır.

İntiqam Əliyev 8 avqust 2014-cü il tarixində həbs edilib, bu il aprelin 22-də isə o, iqtisadi cinayətlər ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hüquq müdafiəçisinin təqsiri nə istintaqda, nə də məhkəmədə sübuta yetirilməyib, ittihamlar isə siyasi motivli olub.

Beynəlxalq Amnesty İnternational təşkilatı Əliyev “vicdan məhbusu” kimi tanıyıb.