İntiqam Əliyev kameraya keçirilib

İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

Hüquq müdafiəçisinin qızı karantin kamerasının əziyyəli olduğunu bildirir

“Hüquqi Maarifçilik” cəmiyyətinin sədri İntiqam Əliyev hələ də Bakı təcridxanasında ”karantin”də saxlanılır. Bu haqda İ.Əliyevin qızı “Facebook” səhifəsində yazıb.

8 müttəhim saxlanan bu balaca otaq təcridxananın “cəza” hissəsi tərəfində yerləşir. Hamının siqaret çəkdiyi bu kamerada siqaret çəkənlər üçün balkon və ya pəncərə nəzərdə tutulmayıb. Kamera qapısındakı nəfəslik açıq olmalı olsa da onu bağlayırlar. Kamera olduqca isti, nəfəs kəsicidir, burada bu adamlardan tər gedir. Kamerada normal tualet yoxdur. Su gündə 2 dəfə, hər dəfə 1 saat olmaqla verilir. Səkkiz müttəhim bir çəllək suyun ümidinə qalıb.

Kamerada iki nəfəslik olsa da onlar setka ilə tutulmayıb, ona görə də kamera ağcaqanadla doludur və dustaqları yatmağa qoymur. İ.Əliyevin saxlanmasından 3 gün keçsə də bu müddət ərzində bir dəfə də olsa təmiz havaya çıxarılmayıb.

İ.Əliyev vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamı ilə avqustun 8-də həbs edilib. Amma Azərbaycanın demokratik ictimaiyyətinin düşüncəsinə görə İ.Əliyev insan haqlarını müdafiə sahəsindəki prinsipial mövqeyinə, Azərbaycanın məhkəmə və hüquq-mühafizə sistemindəki özbaşınalığı tənqidə, habelə ölkə vətəndaşlarının hüquqlarını Avropa Məhkəməsində qorumağa kömək göstərdiyinə görə təqib edilir.

Öz növbəsində Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov Amerikanın Səsinə bildirib ki, avqustun 11-dən etibarən İntiqm Əliyev kameraya köçürülüb. “Bakı İstintaq Təcridxanasına daxil olmuş təqsirləndirilən şəxs İntiqam Əliyev 11 avqust 2014-cü ildə karantindən kameraya keçirilib. İstintaq Təcridxanasına daxil olmuş hər bir şəxsin karantin müddəti keçməsi qanunvericiliyin tələbidir və karantində saxlanılma müddəti 14 günə qədər müəyyən edilib”, o qeyd edib.