“İntiqam Əliyevin həyatı təhlükədədir”. Bu barədə Freedom House hüquq-müdafiə təşkilatı bəyanatında deyilir.
“Azərbaycan hakimiyyətinin uydurma ittihamla 7,5 il müddətinə azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi İntiqam Əliyevə tibbi yardım göstərməkdən imtina etməsi qeyri-insani davranışdır. Hazırda belindəki xəsarət səbəbindən o otura və normal hərəkət edə bilmir, bu da ona böyük əziyyət verir”, Freedom House-un proqram rəhbəri Robert Herman bildirib.
“İntiqam Əliyevlə bu cür rüsvayçı davranış 2009-cu ildə Rusiyada Sergey Maqnitsikinn işini xatırladır. Odur ki, biz Azərbaycan hakimiyyətindən tələb edirik ki, bütün digər siyasi məhbuslar da daxil olmaqla İ.Əliyev də dərhal zəruri tibbi yardımla təmin edilsin”, bəyanatda vurğulanır.
İntiqam Əliyev 8 avqust 2014-cü il tarixində həbs edilib, bu il aprelin 22-də isə o, iqtisadi cinayətlər ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Əliyev ittihamları qəbul etmir və siyasi sifariş hesab edir.
Amnesty İnternational təşkilatı Əliyevi “vicdan məhbusu” élan edib.
Vəkil Cavad Cavadov mayın 22-də Bakı İstintaq Təcridxanasındaİntiqam Əliyevə baş çəkib.
O, Amerikanın Səsinə bildirib ki, İntiqam Əliyevin ciddi tibbi müayinəyə və müalicəyə ehtiyacı var.
“Bir həftə əvvəl kürəyində güclü ağrılar olması ilə əlaqədar mən İntiqam Əliyevlə görüşə bilməmişdim. Bu gün İntiqam Əliyev görüşə gəlib. Amma o çox çətin hərəkət edirdi”, deyə Cavadov bildirib.
İntiqam Əliyev qeyd edib ki, güclü ağrılarla əlaqədar o, uzun müddət faktiki olaraq hərəkət edə bilməyib.
Bu zaman istintaq təcridxanasında ona ciddi tibbi yardım göstərilmir. Orada İntiqam Əliyevə yalnız ağrıkəsici dərmanlar verməklə kifayətlənirlər, onlar isə ağrını aradan qaldırmır, yalnız müvəqqəti olaraq azaldır.
“İntiqam Əliyevin ciddi qulluğa və müalicəyə ehtiyacı var. Onun kürəyində həbsindən əvvəl də ağrılar var idi, amma həmin vaxt o, fizioterapiya seansları qəbul edirdi. İstintaq təcridxanasında bunun üçün şərait yoxdur. İntiqam Əliyevin hətta rentgen müayinəsini həyata keçirməyiblər. İstintaq təcridxanasında az hərəkətli vəziyyət, görünür, xəstəliyin güclənməsinə səbəb olub”, deyə Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri İntiqam Əliyevə baş çəkiblər və o, onlara öz vəziyyəti haqqında məlumat verib.