Nəimi Əmiral:"Azərbaycan və Amerikanı terrorizmə qarşı birgə mübarizə kimi bir məqsəd birləşdirir"

Con Nəimi Əmiral

2001-ci 11 sentyabr hadisələrindən sonra Virciniya ştatında yaşayan Nəimi Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmək qərarı verərək, Amerika hərbi qüvvələrinin ilk azərbaycanlı zabiti olub

2001-ci il sentyabrın 11-də ABŞ-da Vaşinqtonda və Nyu-Yorkda terror hücumları Amerikada insanların həyatına bu və ya digər şəkildə təsir göstərdi. Virciniya ştatının Norfolk şəhərində yaşayan azərbaycanlı Nəimi Əmiral 11 sentyabr hadisələrindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmək üçün orduya yazılıb. O deyir ki, televiziya ekranında təyyarələrin dəydiyi yanan binalara baxa-baxa uşaqlıq illəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğala məruz qalması, Azərbaycanın müxtəlif yerlərində terror aktları və bu kimi hadisələr bir-bir gəlib onun fikrindən keçib. Con Nəimi Əmiral yeni vətəni olan Amerikaya kömək etmək və Amerikanı terror hücumlarından qorumaq üçün daxili çağırışa cavab verərək, Hərbi Dəniz Qüvvələrində dənizçi kimi xidmət göstərmək qərarına gəlib.

Onun göstərdiyi əla xidmət ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı tərəfindən yüksək qiymətləndilib. Bir neçə il ərzində o, zabit rütbəsi alaraq, Hərbi Dəniz Qüvvələrinin leytenantı olub. Nəimi Əmiral xidmət göstərdiyi illər bir neçə dəfə mükafatlara və medallara layiq görülüb.

ABŞ Konqresi azərbaycanlı zabitin xidmətlərini yüksək qiymətləndirərək, onun iki ölkənin xalqları arasında dostluq və anlaşmanın gücləndirilməsində yorulmadan çalışdığını qeyd edib.

2009-cu ildə Nəimi Əmiral Hərbi Dəniz Qüvvələrindən ehtiyata keçirilib və Norfolk şəhərində təhsil aldığı iqtisadi sahədə təcrübə qazanmaq üçün kiçik biznes sahibi kimi fəaliyyətə başlayıb. Lakin o, gücünü daha bir sahədə, siyasətdə sınamaq istəyib. Nəimi Əmiral yaşadığı Virciniya ştatının parlamentinə seçilmək üçün seçkilərə qatılıb. Kiçik fərqlə rəqibinə məğlub olan Nəimi Əmiral ABŞ-da siyasi seçki prosesində namizəd kimi iştirak edən ilk azərbaycanlı olub.

Con Nəimi Əmiral bu gün də Amerika və Azərbaycan arasında münasibətlərin gücləndirilməsi və Azərbaycanın Amerikada tanınması işini davam etdirir.

Con Nəimi Əmiral evlidir, bir övladı var.

Nəimi Əmiralla müsahibəni təqdim edirik.