Keçən həftə Avropa Birliyi rəsmi Tehranın nüvə proqramının mahiyyətini beynəlxalq ictimaiyyətə açıqlaması üçün təzyiqləri gücləndirərək, İrandan neft ixracatına embarqo qoyulduğunu elan etdi. Bu addım iyul ayının birindən etibarən İrandan neft ixracatının dayandırılmasını nəzərdə tutur. İran buna cavab olaraq bəzi ölkələrə neft satışlarını dayandırmağa söz verib.
Dünya iqtisadiyyatının bugünkü tənəzzül dövründə bu inkişafların regional və qlobal təsirləri nədən ibarət ola bilər? Xəzər hövzəsində başlıca neft və qaz ixracatçısı olan Azərbaycanın bu şəraitdə uzun müddət üçün enerji bazarında rolu nə dərəcədə arta bilər? Bu və başqa sualları Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban cavablandırır.
Dilşad Əliyarlı: İlham bəy, keçən həftə Avropa İttifaqı rəsmi Tehran nüvə proqramı ilə bağlı narahatlıqları ünvanlamaqdan imtina etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib. Bunun cavabında İran bəzi ölkələrə neft ixracını dayandırmağa söz verib. Qlobal iqtisadiyyatın bügünkü durumunu nəzərə alsaq, bu son inkişaflar hansı proqnozlar vetməyə imkan verir? Enerji bazarında vəziyyətin necə olacağını gözləmək olar?
İlham Şaban: İlkin olaraq bu ona dəlalət edir ki, 2012-ci ildə enerji bazarında gərginlik yaşanmaqdadır. Bu artıq bazarlarda qiymətlərdən hiss olunur. Bazarda neftin qiyməti 110 dollardan aşağı enməyib. İran faktoru, Hörmüz boğazı ətrafındakı mümkün tıxacla əlaqədar problemlər neftin qiymətinin yüksək həddə saxlanmasını şərtləndirir. Başqa tərəfdən, Avropanın İran neftindən asılı olan ölkələrinin bu vəziyyətdən çıxa biləcəyi və yaxud da embarqonun qüvvəyə minəcəyi iyul ayının 1-ə qədər öz vəziyyətlərini necə tənzim edəcəyinə nəzər salsaq, burada maraqlı bir mənzərəni müşahidə etmək olar. Ona görə ki, İran preventiv addımlar atmağa başlayıb. Əvvəlcədən elan edib ki, bu həftənin əvvəlindən başlayaraq, Avropaya ixracı azaldacaq. Bu kimi addımlar ona gətirib çıxardı ki, Avropa İran neftindən asılılıqdan daha tez canını qurtarmaq üçün fəaliyyətə başladı. Məsələn, əgər Liviyada hasilat dekabrın ortalarında 800 min barrel idisə, bir aydan sonrakı məlumatlara görə, hasilat 1,3 milyon barrelə çatdırılıb. Heç bir beyin mərkəzi öz təhlillərində belə bir enerji proqnozu verə bilməmişdi. Bunu aprel ayına proqnozlaşdırırdılar. İtaliyanın ENİ şirkəti isə elan etdi ki, artıq Qəzzafi dövründəki hasilatı bərpa edib. Söhbət ondan gedir ki, artıq tam ciddiyyətilə embarqo və onun nəticələrinə hazırlıq gedir. Buna görə hesab edirəm ki, İranın dediyi kimi, Avropanın dramatik şəkildə asılılığı və neftin 200, hətta 300 dollar həddinə çatacağı kimi ssenariləri görməyəcəyik.
Dilşad Əliyarlı: İlham bəy, bu inkişafların Azərbaycana birbaşa təsirləri haqda nə demək olar? Azərbaycan burada hansı yeri tutur və Qafqaz və Mərkəzi Asiyanın enerji xəritəsində bir dəyişiklik ola bilərmi?
İlham Şaban: 2012-ci ildə qısa müddətli proqnozlardan söhbət gedirsə, məncə, böyük dəyişiklik, ya da gözlənti görmək çətindir. Çünki Azərbaycanda hasilat ötənilki göstəricilərlə müqayisədə çox dəyişməyəcək.Təqribən 1,5 faiz artım olacaq. Yəni 45,4 milyon tondan hasilatın təqribən 400-500 min ton artırılması planlaşdırılır. Başqa bir tərəfdən, Azərbaycan heft hasilatının artımı o qədər yüksək olmadığından qiymət artımı vasitəsilə büdcəni və neft fonduna gələn gəlirləri bir qədər artıra bilər. Çünki Azərbaycanın bu il büdcə proqnozlarına görə onun neft fonduna gələn gəlirlərin tarixdə ilk dəfə olaraq eyni qədər də xərclənməsi nəzərdə tutulur. Yəni 80 dollar səviyyəsində hesablama aparılmaqla. Büdcə xərcləri də 22 milyarddır. Bu minvalla büdcədə profisit əldə etmək və neft fondunda təqribən 3 milyard dollara qədər əlavə vəsait yığmaq üçün neftin orta illik qiymətinin təqribən 110 dollar ətrafında cərəyan etməsi hökumət üçün arzuolunan ola bilərdi.
Dilşad Əliyarlı: İrandan neft ixracının məhdudlaşdırdığı bir şəraitdə alternativ siyasət nə ola bilər? Bazarda İran xam nefti hansı ölkə hesabına əvəz edilə bilər?
İlham Şaban: Bu, ilk növbədə, Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı hasilatı 10.5 milyon barrelə qədər artıra bilər. Başqa tərəfdən, Liviya neft hasilatını daha 300-400 min barrel artıraraq, onu ölkədə hərbi əməliyyatlar başlayan zamankı səviyyəyə çatdıra bilər. Nigeriyada hasilatın artırılması hesabına Avropaya gedən neftin həcmini artırmaq mümkündür. Bu baxımdan, Avropanın alternativ enerji mənbələrindən qidalanması imkanları mövcuddur. Avropanın qonşusu Rusiyanın daha çox geniş imkanları var.