Bakıda BMT-nin İnternet İdarəçiliyi Forumu keçiriləcək

Internet Forumu

Noyabrın 6-da açılacaq forumda 100-dən çox ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək
Noyabrın 6-dan 9-dək Bakıda BMT-nin İnternet Idarəçilik Forumunun (İİF) yeddinci iclası keçiriləcək.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məlumatına görə, 100-dən çox ölkədən - hökuməti, beynəlxalq təşkilatları, özəl sektoru, vətəndaş cəmiyyətini, İnternet həvəskarlarını və KİV-ləri təmsil edən 1500-dən çox nümayəndə – İnternet idarəçiliyi ilə bağlı beynəlxalq (transsərhəd) problemləri müzakirə etmək üçün Bakıda toplaşacaq.

Forumun əsas mövzusu belədir: “Davamlı insan, iqtisadi və sosial inkişaf naminə İnternet idarəçiliyi”.

Məlumatda deyilir ki, inkişaf naminə İnternet idarəetmə (IG4D) məsələsi 2012-ci İİF-in gündəliyində duran əsas məsələ hesab edilir. Forumda inkişafa birbaşa aidiyyəti olan qlobal səviyyədə İnternet idarəçiliyi məsələləri, yerli, milli və beynəlxalq səviyyələrdə inkişafla bağlı yanaşmalara İnternet idarəçiliyi məsələsinin necə daxil edilə bilməsi araşdırılacaq.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Vu Honqbo deyib ki, hər gün texnologiyanın bəşəri, iqtisadi və sosial inkişafla bağlı göstərilən səylərə verdiyi faydaları görür.

“Əlbəttə, məhz bu texnologiya həm də bir çox problemləri meydana çıxarır. Bu problemlər bütün maraqlı tərəflər cəlb olunmaqla əhatəli və birgə şəkildə həll edilməlidir. İnternet İdarəçilik Forumu maarifləndirmə, müzakirələrə təşəbbüs göstərmə, rəqəmsal bərabərsizliyin aradan qaldırılması yollarının müəyyən edilməsi və siyasətin işlənib hazırlanma prosesləri barədə məlumatların verilməsi üçün ideal bir məkandır”.

İİF çərçivəsində keçiriləcək bir sıra seminarlarda təhlükəsizlik, şəffaflıq və toxunulmazliq məsələlərinə – bu əsas siyasi məqamları əlaqələndirən İİF-nin özünəməxsus perspektivinə nəzər salınacaq.

Seminarlarda həmçinin süzgəcdən keçirmə, bloklaşdırma və fərdlərin, qrupların və ya bütünlükdə ölkələrin İnternetə çıxışını kəsməsi ilə bağlı görülən tədbirlərin təsiri kimi məsələlər müzakirə olunacaq. Bu həm də söz azadlığının qorunması və innovasiya üzrə keçən ilki müzakirələrin davamı olacaq.

Forumda İnternet vasitəsilə birləşən dünyada ənənəvi və yeni medianın, habelə peşəkar və vətəndaş jurnalistlərinin rolu araşdırılacaq.

Bu ilki İİF-də bəzi debatlar əqli mülkiyyət hüquqları və yeni biznes modelləri, açıq hökümət məlumatları və bədbəxt hadisələrin törətdiyi fəsadların aradan qaldırılmasında İnternetdən istifadə kimi mühüm məsələlər ətrafında olacaq. Çoxtərəfli model, İİF-nin inkişaf etdirilməsi, milli və regional İİF-lərin xüsusiyyətləri “Dəyərləndirmə və irəliyə yol” mövzusu altında digər müzakirə obyektləri də olacaq.

İİF-nin mühüm bir mövzusu İnternet idarəçiliyi sahəsində potensialın inkişaf etdirilməsidir. İştirakçılar, digər məsələlərlə yanaşı, İnternet idarəçiliyinin çoxtərəfli modelinin inkişafında potensialı inkişaf etdirmə işinin əhəmiyyətini və İİF üçün xüsusilə inkişaf etməkdə olan ölkələrdən yeni maraqlı tərəfləri cəlb etməkdoir.

İİF 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunis mərhələsində təsis edilib. Forumun ilk 5 illik mandatı sonradan 2010-cu ildə BMT Baş Assambleyasının qətnaməsi ilə uzadılıb.

Forumun əvvəlki altı iclası 2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio de Janeyroda (Braziliya), 2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm əl Şeyxdə (Misir), 2010-cu ildə Vilnüsdə (Litva) və 2011-ci ildə Nayrobidə (Kenya) keçirilib.