Freedom House: Azərbaycan yenə internet baxımından “qeyri-azad” ölkədir

Mərkəzi ofisi ABŞ-da yerləşən “Freedom House” insan hüquqları təşkilatı sentyabrın 21-də “İnternet Azadlığı 2021”hesabatını açıqlayıb.

Hesabat dünyanın 6 regionunda 70 ölkəni əhatə edir.

“Freedom House” artıq 11-ci ildir dünyada internet azadlığının pisləşdiyini qeyd edir. Ən böyük geriləmə Myanma, Belarus, Uqandada qeydə alınıb. Bu ölkələrdə dövlətə məxsus qüvvələr seçki və konstitusiya böhranlarında zorakı davranıb.

Hesabatda hökumətlərin istifadəçi hüquqları ilə bağlı texnologiya şirkətləri ilə toqquşduğu qeyd olunur. Azı 48 ölkənin hakim orqanları son bir ildə kontent, data və rəqabətlə bağlı texnologiya şirkətləri üçün yeni qaydalar tətbiq edib.

Hesabatın Azərbaycan bölümündə ölkə yenə interneti azad olmayan ölkələr siyahısına salınıb.

Belə ki, Azərbaycan 35 balla interneti azad olmayan ölkələr sırasındadır. Azərbaycanla yanaşı Qazaxıstan (33), Belarus (31), Rusiya (31), İran (16) da interneti azad olmayan ölkələrdir.

Gürcüstan 77, Ermənistan isə 71 balla interneti azad ölkələr hesab olunub.

"İnternetdə fərqli fikir bildirənlər Azərbaycanda yaşayırlarsa cinayət təqibi ilə üzləşə bilər və xaricdə olduqları təqdirdə rəsmilər və hökumətyönlü trollar tərəfindən qorxudula bilərlər" - deyə hesabatda bildirilir.

Hesabatda müstəqil jurnalistlərin hüquq-mühafizə orqanları və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqiblərə məruz qalmaqda davam etdiyi deyilir.

Hesabatda qeyd olunur ki, bu ilin yanvarında Azərbaycanda polis bir istifadəçinin evinə gedib və özünü məşğulluq idarəsinin təmsilçisi kimi təqdim edərək onu evindən çıxmağa sövq edib. Həmin istifadəçi döyülüb, saxlanıb, yerli məmurları tənqid etdiyi Facebook postlarına görə üzr istəməyə vadar edilib.

Azərbaycan hökuməti bundan əvvəlki illərdə də internet azadlığının məhdudlaşdırılmasına və senzura edilməsinə görə tənqid edilib.

Rəsmi Bakı bir qayda olaraq bu tənqidləri təkzib edib və bildirir ki, Azərbaycanda internet tam sərbəstdir. Hətta ölkə başçısı dəfələrlə ölkədə internetin tam azad olduğunu bəyan edib.