Siyasi Məhbusların Siyahısının Hazırlanması üzrə İşçi Qrupunun üzvü Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqlarının mövcud durumundan danışıb.
Amerikanın Səsi: Azərbaycanda insan hüquqları sahəsində islahatlarla bağlı gözləntilərin doğrulmamasının səbəblərini necə izah edərdiniz?
Hətta insan haqları müdafiəçilərinin özünün də hüquqları pozulur.
Samir Kazımlı: Bunun səbəbi hakimiyyətdəkilərin təfəkkürünün dəyişməməsidir. Bu məsələlərə yanaşmaları köhnəlikdə qalır. Baxışları dəyişməlidir. Qanunlar qəbul olunur, beynəlxalq öhdəliklər götürülür, amma bunlar praktikada yerinə yetirilmir. Bu gün vətəndaşların hüquqları kütləvi şəkildə pozulur. Biz bunu mediada da, hesabatlarda da görürük. Azərbaycanda yüzdən çox siyasi məhbus var. Vətəndaşların mülkiyyət hüquqları pozulur, yəni insan haqlarının çoxsaylı pozuntularını nümunə göstərmək olar. Hətta insan haqları müdafiəçilərinin özünün də hüquqları pozulur. Buna görə də durum ürəkaçan deyil. Burada başlıca səbəb hakimiyyətdəkilərin təfəkkürünün dəyişməməsidir.
Amerikanın Səsi: İyunun 18-də Azərbaycanda Milli İnsan Hüquqları Günü qeyd edilir. Ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikada insan hüquqları aylığı keçirilir. Son bir ayda insan haqları sahəsində durumda hansı yeniliklər baş verib?
Bir neçə siyasi fəal həbs olunub və onlara işgəncələrin verilməsi barədə iddialar var.
Samir Kazımlı: Yeniliklər mənfidir. Bir neçə siyasi fəal həbs olunub və onlara işgəncələrin verilməsi barədə iddialar var. Eyni zamanda, bir hüquqşünas, Amerikada təhsil almış hüquqşünas Emin Aslan (o həm də insan haqları sahəsində çalışmış bir şəxsdir) qanunsuz həbs olunub. Son məlumatlara görə, insan haqları müdafiəçisi, vəkil İradə Cavadovanın Vəkillər Kollegiyasından kənarlaşdırılması ilə bağlı məlumatlar var. Bunlar həmin insan hüquqları ayına düşür. Bu, insan haqlarının müdafiəsi yox, bəlkə də pozulması ayı kimi yadda qalır. Ona görə də ola bilsin ki, kağız üzərində adı insan haqlarının müdafiəsi ayı ola bilər, amma praktikada insan haqlarının pozulması ayıdır.
Amerikanın Səsi: Azərbaycan hökuməti son illər insan hüquqları sahəsində islahatlarla bağlı dövlət proqramları qəbul edib. Həmin proqramların yerinə yetirilmə vəziyyəti necədir?
Proqramların 10-20 faizi real icra olunsa idi durum bu qədər pis olmazdı.
Samir Kazımlı: O proqramlar da bayaq dediyimiz mövzuların ardıdır. Proqramlar qəbul ediblər, öhdəliklər götürüblər, amma bunların hamısı kağız üzərində qalıb. Proqramların 10-20 faizi real icra olunsa idi durum bu qədər pis olmazdı. Yəni o sənədlər demək olar ki, arxivlərdə, şkaflarda qalmış sənədlərdir. Real həyatda başqa qanunlar, başqa qaydalar işləyir. Ona görə də onlar, sadəcə, bir gələcək muzey üçün lazım olan sənədlərdir.
Amerikanın Səsi: Bəs real durum necədir?
Artıq siyasi motivli həbslər, insan haqlarının pozulması, işgəncə faktları adiləşir. Bunlar hətta sensasiya da yaratmır.
Samir Kazımlı: Real durum çox pisdir. Get-gedə vəziyyət ağırlaşır, çətinləşir, adiləşir. Artıq siyasi motivli həbslər, insan haqlarının pozulması, işgəncə faktları adiləşir. Bunlar hətta sensasiya da yaratmır. Əvvəllər kiməsə işgəncə veriləndə bir sensasiya kimi qiymətləndirilirdi. Artıq bir insanın həbs olunması, bir insanın işgəncəyə məruz qalması adi bir hala çevrilib. Bunu bilmirəm, hakimiyyət qəsdən edir, yoxsa cəmiyyət buna öyrəşib. Amma bu, çox pis tendensiyadır.
Amerikanın Səsi: Azərbaycanda əsasən hansı sahədə hüquqlar daha çox pozulur? Sosial sahədə, siyasi sahədə, seçki hüququ sahəsində və ya digər sahələrdə.
Samir Kazımlı: Sadaladığınız bütün sahələrdə hüquqlar pozulur. Vətəndaşların hüquqları kütləvi şəkildə pozulur. Siyasi hüquqlar davamlı şəkildə pozulur. Seçki hüquqları seçki dönəmində kütləvi şəkildə pozulur. Hətta belə cinsi azlıqların da hüquqları pozulur. Qadın hüquqları, uşaq hüquqları da pozulur. Dünən bağçalarla bağlı bir fakt yayılmışdı.
Amerikanın Səsi: İnsan hüquqları sahəsində ombudsmanın fəaliyyətini necə xarakterizə edərdiniz?
Ombudsmanın fəaliyyətini çox mənfi qiymətləndirərdim.
Samir Kazımlı: Ombudsmanın fəaliyyətini çox pis xarakterizə edərdim. Onun kifayət qədər səlahiyyətləri var. Amma təəssüf ki, o, bundan istifadə etmir. Məsələlərə çox laqeyd yanaşır. Formal xarakterli başçəkmələr edirlər. Ombudsmanın fəaliyyətini çox mənfi qiymətləndirərdim.
Amerikanın Səsi: Bəs vəziyyətdən çıxışı nədə görürsünüz?
Samir Kazımlı: Vəziyyətdən çıxış odur ki, Azərbaycanda bütün çətinliklərə baxmayaraq, vətəndaş cəmiyyəti davamlı fəaliyyət göstərməlidir. İnsan haqları pozuntuları qeydiyyata alınmalıdır, sənədləşdirilməlidir, beynəlxalq aləmə təqdim edilməlidir, yerli hakimiyyətə tövsiyələr verilməlidir. Bu, bizim işimizdir. Digər işlərə gəlincə, Azərbaycan hakimiyyəti anlamalıdır ki, bu, Azərbaycan dövlətini uçuruma aparır və nəticə çıxarıb geri qayıtmalıdır.
Qeyd: Rəsmi Bakı ölkədə insan hüquqlarının yüksək səvityyədə təmin edildiyini, fundamental hüquqların tam bərap olunduğunu bildirir. Hökumət rəsmiləri işgəncə faktarını, siyasi məhbus anlayışını ümumiyyətlə qəbul etmir. Bununla yanaşı, çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ölkədə insan hüquqları sahəsində durumu kəskin tənqid edir. Hökuməti insanların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır.