BİZ BİLMİRDİK Kİ, İNSAN HAQLARI NƏDİR
“Azərbaycan demokratiyası gəncdir. Biz cəmi 20 il öncə demokratiyaya keçmişik. Ona kimi biz insan haqları nədir, insan haqlarının müdafiəsi nədir, bilməmişik”.
AzadlıqRadiosunun məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə Avropa Siyasəti Mərkəzinin təşkil etdiyi müzakirələrdə deyib. Azərbaycan-AB münasibətlərinə həsr olunan tədbirdə nazirlik rəsmisi bildirib ki, Azərbaycanda insan haqları ilə bağlı hər şey mükəmməl olmasa da, xeyli işlər görülür:
“Azərbaycandakı insan haqlarının durumunun necəliyinə xeyli maraq var. Xanım Heidi Hautala (Finlandiyadan olan siyasətçi, Avropa Parlamentinin üzvü) Mehman Hüseynov işini vurğuladı. Mən demirəm ki, bu sahədə hər şey əladır. Hər ölkədə -hətta, əsrlər öncə demokratiyanın bünövrəsini qoymuş ölkələrdə də belə problemlər tapa bilərsiniz. Amma bunlara baxmayaraq Azərbaycan insan haqları, təməl azadlıqlar və demokratiyanın müdafiəsini gücləndirməyə çalışır”.
"BİZƏ CAVAB VERİLMƏYİB"
Mahmud Məmməd-Quliyev Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. O deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz iqtisadi fəaliyyətlə bağlı Azərbaycan xarici işlər nazirliyi Avropa Birliyinin xarici siyasət üzrə rəsmisi Federica Mogheriniyə 2 dəfə məktub yazıb, bu haqda onu bilgiləndirib. Ancaq hələ də cavab almayıb:
“Təzəlikcə Avropa İnvestisiya Bankı Ermənistan və Gürcüstan sərhədində yolun tikintisini maliyyələşdirir. Və bizim təəccübümüzə o səbəb olub ki, burda iştirak edən şirkət Azərbaycanın işğal edilmiş ərazilərində də qeyri-qanuni tikinti işləri aparıb. Bu bank işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən bir şirkəti işə cəlb edib. Bu, tamamilə qəbuledilməzdir”.
Mahmud Məmməd-Quliyev bildirib ki, ümid edir baş verənlərlə bağlı cavab ala biləcəklər.