Ötən illə müqayisədə yanvarda 5,5 faiz inflyasiya olub

Bu ilin yanvar ayında Azərbaycanın istehlak bazarında qiymətlər 2017-ci ilin eyni ayına nisbətən 5,5% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Yanvarda ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.

Ötən ay 2017-ci ilin dekabr ayına nisbətən inflyasiya olmayıb. Yanvarda ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb, deyə DSK hesablayıb.

Dekabrla müqayisədə yanvar ayında qoyun ətinin, südün, pendirin, kərə, zeytun və marqarin yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, kartofun, çay, qəhvə və kakaonun qiyməti bahalaşıb.

DSK-ya görə, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq və mal ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma olub.

2018-ci ildə hökumət 6-8% inflyasiya proqnozlaşdırır. 2017-ci ildə Azərbaycanda inflyasiya 12,9% təşkil edib.